Qəbələ Dövlət Peşə Təhsil Mərkəzində aparılan cari təmir işləri ətrafında yaranmış mübahisə yeni mərhələyə keçib. Daha əvvəl redaksiyamıza müraciət edən Röyal Zamanov görülmüş işlərə görə özü, bir usta və bir fəhlənin ümumilikdə 4500 manat alacağının ödənilmədiyini bildirmiş, “Lider-Line” MMC rəhbərliyini ödənişdən yayınmaqda ittiham etmişdi.
Məsələ ilə bağlı BakuNews.az tərəfindən “Lider-Line” MMC-nin direktoru Namizəd Şahmar oğlu Əsgərova ünvanlanan media sorğusuna rəsmi cavab verilib. 11 sentyabr 2026-cı il tarixli, imza və möhürlə təsdiqlənmiş məktubda şirkət Röyal Zamanovun səsləndirdiyi iddiaları qəbul etmədiyini açıqlayıb.
Şirkətin cavabında bildirilir ki, “Lider-Line” MMC ilə Qəbələ Dövlət Peşə Təhsil Mərkəzi Publik Hüquqi Şəxsi arasında Qəbələ şəhəri, 28 May küçəsi 89 ünvanında yerləşən binanın cari təmir işlərinin görülməsinə dair 02.06.2026-cı il tarixində RDM-1E7E932D-ECON-010626-0066 nömrəli dövlət satınalma müqaviləsi bağlanıb. Şirkət təmir işlərini dövlət satınalmaları sistemi vasitəsilə baş podratçı qismində həyata keçirdiyini bildirir.
Rəsmi cavabda Röyal Zamanovun “müqaviləsiz işlədilməsi” barədə iddiası da rədd olunur. “Lider-Line” MMC bildirir ki, Röyal Zamanovla 04.06.2026-cı il tarixində 04 nömrəli “Xidmət Müqaviləsi” bağlanıb və o, briqadir kimi işlərin təşkili, briqada üzvləri arasında iş bölgüsü, əmək və icra intizamının təmin olunması, eləcə də yaranan nöqsanların aradan qaldırılması öhdəliyini üzərinə götürüb.
Burada isə mübahisənin başqa mühüm tərəfi ortaya çıxır.
Şirkət bildirir ki, Röyal Zamanovun obyektə cəlb etdiyi digər ustalar və fəhlələr “Lider-Line” MMC-nin işçiləri olmayıb və şirkətlə həmin şəxslər arasında ayrıca əmək və ya mülki-hüquqi müqavilə bağlanmayıb. Şirkətin mövqeyinə görə, həmin şəxslərlə hesablaşmaya görə məsuliyyəti briqadir kimi Röyal Zamanov daşıyıb.
Ancaq məhz bu məqam yeni suallar doğurur: dövlət sifarişi ilə görülən işlərdə faktiki çalışan ustaların hüquqi statusu necə müəyyən edilib, onların obyektə buraxılması hansı sənədlərlə rəsmiləşdirilib və təhlükəsizlik, əmək münasibətləri, ödəniş məsələlərinə görə konkret olaraq kim cavabdeh olub?
Ən ciddi ziddiyyət isə pul məsələsindədir.
Röyal Zamanov redaksiyamıza bildirmişdi ki, işlər tamamlandıqdan sonra özü, bir usta və bir fəhlənin 4500 manat alacağı qalıb. “Lider-Line” MMC isə bu iddianı tam rədd edir və Röyal Zamanova görülən aralıq iş həcmlərinə uyğun olaraq ümumilikdə 9220 manat nağd və bank köçürmələri ilə ödəniş edildiyini bildirir.
Şirkət bununla kifayətlənmir. Rəsmi cavabda iddia olunur ki, görülən suvaq, malyar, emulsiya və kafel-metlax işlərində ciddi texniki qüsurlar, əyriliklər və keyfiyyətsizliklər aşkarlanıb, sifarişçi tərəfindən də bununla bağlı iradlar bildirilib. Şirkətin mövqeyinə görə, Röyal Zamanov həmin nöqsanları aradan qaldırmaq əvəzinə obyekti tərk edib və işləri natamam vəziyyətdə qoyub.
“Lider-Line” MMC bildirir ki, qüsurlu sahələrin sökülərək yenidən bərpa edilməsi üçün əlavə ustalar və maliyyə vəsaiti cəlb etmək məcburiyyətində qalıb və bu səbəbdən şirkət maddi zərərə düşüb.
Şirkət həmçinin görülən işlərin faktiki vəziyyətini, söküntü və bərpa xərclərini əks etdirən videogörüntülərin, fotoşəkillərin və qüsur aktlarının mövcud olduğunu bildirir.
Beləliklə, ortada iki tamamilə fərqli mövqe var.
Bir tərəf deyir ki, iş görülüb, əvvəlcə “əladır” deyilib, sonradan pul tələb ediləndə iş keyfiyyətsiz elan olunub və 4500 manat ödənilməyib.
Digər tərəf isə bildirir ki, 9220 manat artıq ödənilib, işlər qüsurlu görülüb, obyekt yarımçıq tərk olunub və əksinə, şirkətin özünə maddi ziyan dəyib.
“Lider-Line” MMC hətta Röyal Zamanovla bağlı dəymiş ziyanın və mümkün cərimələrin ödənilməsi tələbi ilə məhkəməyə və hüquq-mühafizə orqanlarına müraciət etmək hüququnu saxladığını da bəyan edib.
İndi məsələ artıq söz-sözə qarşı deyil, sənəd-sənədə qarşıdır.
Əgər 9220 manatın ödənilməsi iddia olunursa, bunun tam bank çıxarışları və ödəniş təyinatları ilə təqdim olunması; qüsurlu işlərdən danışılırsa, qüsur aktlarının tarixləri, kim tərəfindən tərtib edildiyi və işçiyə nə vaxt təqdim olunduğu; 4500 manatlıq borc iddiası irəli sürülürsə, görülən işlərin ölçüsü, razılaşdırılmış qiymət və əvvəlki ödənişlərin hesablanması ortaya qoyulmalıdır.
Məhz bu sənədlər aydınlaşdıracaq ki, Qəbələ Dövlət Peşə Təhsil Mərkəzində yaşanan hadisə sadəcə podratçı ilə briqadir arasında hesablaşma mübahisəsidir, yoxsa dövlət sifarişi ilə həyata keçirilən təmir prosesində daha ciddi təşkilati və hüquqi boşluqlar mövcuddur.
BakuNews.az tərəflərin təqdim edəcəyi müqavilə, ödəniş sənədləri, qüsur aktları, foto və videogörüntüləri də araşdıraraq mövzunu davam etdirəcək.
Bakunews.tv