Cəmiyyət / Sosial
13
26-11-2025, 11:48

Kredit ödənişlərində artan cərimələr: Hansı hallar qanunidir? - Hüquqşünasdan AÇIQLAMA

Son günlər vətəndaşlar arasında narahatlıq artır; bir çox hallarda kredit ödənişlərinin gecikməsi səbəbindən ödəniş məbləği ikiqat çıxır və bu, ailə büdcəsinə əlavə yük yaradır.
Bəs qanuna görə kreditin vaxtında ödənməməsi halında tətbiq edilə biləcək cərimə miqdarı və müddəti nə qədərdir?

Bu barədə hüquqşünas Nəriman Əliyev Patrul.az-a açıqlamasında bildirib ki, kredit gecikməsində yalnız müqavilədə nəzərdə tutulan faiz və penya tətbiq oluna bilər:

“Əgər borclu pul öhdəliyini vaxtında yerinə yetirmirsə, kreditor gecikmə faizləri tələb etmək hüququna malikdir.

Faizlərin hesablanması iki formada mümkündür:

1) Müqavilədə faiz nəzərdə tutulubsa

Bu halda yalnız müqavilədə göstərilmiş faiz tətbiq edilir.

2) Müqavilədə faiz göstərilməyibsə

Mülki Məcəllənin 439.3-cü maddəsinə əsasən, borclu aşağıdakı məbləğdə gecikmə faizi ödəməlidir:

Azərbaycan Mərkəzi Bankının uçot dərəcəsinə iki faiz bəndi əlavə edilməklə, lakin ildə azı 5% olmaqla faiz hesablanır. Bu faiz yalnız gecikən məbləğə tətbiq edilir və borc tam ödənilənədək hesablanır.

Müqavilələrdə çox zaman gecikmə halı üçün penya nəzərdə tutulur. Bu, cərimə xarakterli əlavə ödənişdir və müqavilə ilə sərbəst müəyyən edilir. Təcrübədə adətən gündəlik 0.1% – 0.5% arası penya tətbiq olunur. Penyanın yuxarı həddi qanunla məhdudlaşdırılmır, lakin məhkəmə penyanı azaltmaq səlahiyyətinə malikdir.

Bank kreditləri üzrə ödənişin gecikdirilməsi zamanı əlavə ödənişlər yalnız kredit müqaviləsində göstərilən şərtlər əsasında tətbiq edilə bilər. Bank müqavilədə nəzərdə tutulmayan heç bir əlavə ödəniş tələb edə bilməz.”

Hüquqşünasın sözlərinə görə, cərimə həddindən artıq olduqda məhkəmə onu azalda bilər. Buna görə də müqavilə şərtlərini əvvəlcədən diqqətlə oxumaq vacibdir:

“Əgər gecikmə cəriməsi həddindən artıq yüksəkdirsə, məhkəmə penyanı azalda, gecikmə faizini yenidən hesablatdıra və müqavilə şərtlərinin iqtisadi cəhətdən ədalətsiz olduğunu nəzərə ala bilər. Bu, xüsusilə kredit müqavilələrində və yüksək faizli ticarət müqavilələrində aktualdır.

Ödənişin gecikdirilməsi zamanı tətbiq olunan cərimələr öhdəliyin növündən asılı olaraq dəyişə bilər. Həm vətəndaşların, həm də sahibkarların əsas diqqət etməli olduqları məqam – müqaviləni imzalamadan əvvəl cərimə və faiz mexanizmlərini diqqətlə oxumaqdır. Çünki sonradan cərimələrin azaldılması hüquqi müstəvidə daha çətin olur.”


Bakunews.tv
Top xəbərlər
Gün
Həftə
Ay
Son xəbərlər