Sabunçu rayonunda növbəti qanunsuz tikinti faktı artıq sadəcə şəhərsalma qaydalarının pozulması deyil, açıq-aşkar qanuna meydan oxuma, tikintiyə nəzarət mexanizmlərinin isə iflası anlamına gəlir. Redaksiyamıza daxil olan məlumatlara görə, Sabunçu rayonu, Bəşir Bünyadzadə küçəsi 5 ünvanında inşa edilən obyektin müvafiq icazə sənədlərində yalnız 2 mərtəbəli tikinti nəzərdə tutulsa da, faktiki vəziyyətdə bina qanunsuz şəkildə 6 mərtəbəyə qədər “boy atıb” və artıq yekunlaşmaq üzrədir.Bu, texniki səhv deyil.
Bu, “göz yumma” ilə izah edilə biləcək adi laqeydlik də deyil. Bu, bilərəkdən edilən özbaşınalıqdır və Cinayət Məcəlləsinin tələbləri baxımından ciddi hüquqi məsuliyyət yaradan əməldir.Ortaya çıxan əsas sual isə son dərəcə sadədir:2 mərtəbəlik icazə 6 mərtəbəyə hansı məmurun “səssiz razılığı” ilə çevrilib?Tikinti aylarla davam edib. Beton tökülüb, mərtəbələr qalxıb, fasad formalaşıb. Bu proses bir gecənin içində baş verməyib. Deməli, Sabunçu Rayon İcra Hakimiyyəti bu tikintini görməyib deyə bilməz. Fövqəladə Hallar Nazirliyi təhlükəsizlik və norma pozuntularını “sezməyib” iddiası ilə məsuliyyətdən qaça bilməz. Dövlət Şəhərsalma və Arxitektura Komitəsi isə ya nəzarəti itirib, ya da prosesə qəsdən susur.Burada artıq başqa bir sual meydana çıxır,qanunsuz tikintilər hansı məqamda "icazə verilib"?Şəhərsalma qaydalarının bu qədər açıq şəkildə pozulması təkcə qanunlara deyil, ətrafda yaşayan sakinlərin təhlükəsizliyinə, şəhərin memarlıq bütövlüyünə və ictimai maraqlara birbaşa təhdiddir. Sabunçuda bir obyekt bu şəkildə 4 mərtəbə “artıq” tikilirsə, sabah eyni ssenari başqa küçələrdə də təkrarlanmayacağına kim zəmanət verə bilər?Cəmiyyət susmur, amma məsul qurumlar susur. Bu susqunluq isə artıq şübhə doğurur.
Redaksiya olaraq Sabunçu Rayon İcra Hakimiyyətindən, Fövqəladə Hallar Nazirliyindən və Dövlət Şəhərsalma və Arxitektura Komitəsindən rəsmi açıqlama gözləyirik:Bu tikintiyə kim icazə verib,Qanunsuz mərtəbələr nə vaxt və hansı əsasla inşa olunub? Və nəhayət, bu özbaşınalığa görə kim məsuliyyət daşıyacaq?
Nisa Şirvanlı.
Nyus.Az
Bakunews.tv