Naxçıvanda fəaliyyət göstərən Surkit Holdinqin işçilərinə maaş yerinə vaxtı keçdiyinə görə satışdan çıxarılmış məhsullar verdiyi bildirilir. Bura əsasən holdinq daxilində fəaliyyət göstərən “Bizim Qida” MMC və “NP Petrol” yanacaq doldurma məntəqələrində çalışan işçilərin maaşı daxildir.
Bu haqda “Gündəlik Naxçıvan”a holdinq işçiləri məlumat veriblər.
Əmək Məcəlləsinin 174-cü maddəsinə əsasən, yalnız işçinin yazılı razılığı olduğu halda maaşın 50 faizinə kimi dəyərində natural ödənişə yol verir.
Lakin işçilərin sözlərinə görə, onlardan maaş yerinə ərzaq almaqla bağlı heç bir yazılı razılıq alınmayıb.
Onlar bildirirlər ki, bu qanunsuzluğa etiraz edənlər işdən çıxarılmaqla hədələnirlər:
“Aldığımız cəmi 600 manatdır. Onun da 300-nə marketdə satılmayan, istifadə müddəti keçən, keyfiyyətsiz malları verirlər. Utanmadan da adını yardım qoyurlar. Deyirlər ya bunu götür, ya da işdən get. Halbuki biz maaşımızı pul şəklində almalıyıq. Bizə belə bir yardım lazım deyil. Biz öz halal zəhmətimizin qarşılığını istəyirik.
Hamımızın krediti var. Ərzaqla nə kredit ödəmək olur, nə də kommunal xərclər. Şikayət edəndə deyirlər ki, özəl şirkətdir, rəhbərlik özü bilər. Amma rəhbərlik qanundan yuxarı ola bilməz. Azərbaycanın qanunları buna imkan vermir. Bizdən nə ərizə alıblar, nə də razılıq. Sadəcə qərar verilib və icra olunur.”
Mərkəzi İstanbulda olan Surkit çoxşaxəli holdinqdir. Onun tərkibinə daxil olan “Bizim Qıda” MMC 1995-ci ildə Naxçıvanda təsis edilib və qida məhsullarının satışı, paylanması və distribütorluq fəaliyyəti ilə məşğuldur. Şirkət əsasən Azərsun Holdinqin məhsullarının satışı ilə məşğuldur.
Bakunews.tv