Cəmiyyət / Ölkə
1
9-02-2026, 13:28

Abşeron icra başçısı vətəndaş narazılığını niyə artırır? - FOTOFAKT

Bakı şəhərində əhalinin ən sıx məskunlaşdığı rayonlardan biri Abşerondur. Zamanla ucuz qiymətə torpaq sahələri alan minlərlə insan bu ərazilərdə ev tikərək məskunlaşıb. Bu gün Abşeronda Azərbaycanın müxtəlif bölgələrindən olan ailələr yaşayır.
Bizimesr.az bildirir ki, rayonun əsas problemləri illərdir həllini tapmır. Əksinə, vəziyyət getdikcə daha da gərginləşir.

Sakinlər bildirir ki, bəzi dövlət qurumlarının fəaliyyəti problemləri azaltmaq əvəzinə, narazılığı daha da artırır. İnsanlar artıq provlemlərdən cana doyublar.

Xüsusilə Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyinin (ADSEA) apardığı işlər ciddi narahatlıq doğurur. Belə ki, guya əhalini su ilə təmin etmək məqsədilə rayonun müxtəlif küçələrində asfalt örtükləri dağıdılıb, qazıntı işləri aparılıb, lakin işlər yarımçıq saxlanılıb.

Sakinlərin sözlərinə görə, güclə asfaltlanmış küçələr yenidən dağıdılır, su xətləri çəkildikdən sonra isə torpaqlanma işləri yarımçıq saxlanılır, baxımsız günə salınıb. Nəticədə küçələr aylarla yararsız vəziyyətdə qalır, nəqliyyatın hərəkəti çətinləşir, toz-torpaq, palçıq, antisanitariya yaranır.

Əslində bu cür işlər mütləq şəkildə sistemli aparılmalıdır, aidiyyəti qurumlar arasında koordinasiya təmin edilməlidir. Bu nəzarət mexanizminin qurulması isə birbaşa Abşeron Rayon İcra Hakimiyyətinin və icra başçısı Abdin Fərzəliyevin səlahiyyətinə daxildir.

Unutmaq olmaz ki, Abşeron rayonu nə ADSEA-nın sədri Zaur Mikayılova, nə də digər qurum rəhbərlərinə həvalə edilib. Rayonun ümumi vəziyyətinə görə məsuliyyət Abşeronun icra başçısının üzərinə düşür. Ölkə rəhbəri İlham Əliyev Abşerona rəhbərliyi Abdin Fərzəliyevə tapşırıb.

Əgər su çəkən qurum işini yarımçıq görürsə, küçələri dağıdıb bərpa etmədən ərazini tərk edirsə, icra hakimiyyəti dərhal müdaxilə etməli, qurum rəhbərliyi qarşısında məsələ qaldırmalıdır. Amma Abdin Fərzəliyev bunu etmir və hansısa qurumu günahlandırır, "onun işidir, o edib" deməklə kifayətlənir. Bu o deməkdir ki, Abdin Fərzəliyev üçün rayonun hansı durumda olduğu qəti maraqlı deyil, rayondan xəbəri yoxdur və əksinə belə problemlərin artması ona sərf edir.

Mövcud vəziyyət belə bir təəssürat yaradır ki, bəzi qurumların fəaliyyəti vətəndaşların dövlətə olan etimadını sarsıtmağa, insanları narazı salmağa yönəlib. Bu narazılığın artması isə cəmiyyətdə ciddi sosial gərginlik yaradır. Təəssüf ki, rəsmi qurum rəhbərləri bunu görmək istəmir.


Bakunews.tv
Son xəbərlər