Bakı şəhərinin Abşeron, Sabunçu, Xəzər, Binəqədi, Xətai və Yasamal rayonlarında vəziyyət hər gün daha da ağırlaşır.
Bizimesr.az bildirir ki, sözügedən ərazilərdə qanunsuz və sənədsiz hesab edilən, lakin iddialara əsasən rayon rəhbərliyinin göz yumması və ya qeyri-rəsmi razılığı ilə inşa olunan minlərlə fərdi yaşayış evi bu gün ciddi kommunal problemlərlə üz-üzə qalıb.
Qaz, su və işıq problemi
Məlumata görə, sənədləri olmadığı üçün həmin evlərə rəsmi qaydada qaz, su və elektrik xətlərinin çəkilməsi mümkün deyil. Nəticədə sakinlər uzun müddətdir kommunal təminat olmadan yaşamağa məcbur qalıb. Bu isə vətəndaş narazılığının artmasına və ümumilikdə dövlət qurumlarına inamsızlığın formalaşmasına səbəb olur.
Bildirilir ki, son illər ərzində adıçəkilən rayonlarda on minlərlə fərdi yaşayış evi tikilib. Sakinlər iddia edirlər ki, tikinti zamanı rayon rəhbərliyinə yaxın şəxslər vasitəsilə müəyyən “icazələr” alınıb və bunun müqabilində ödənişlər edilib. Lakin bu iddialarla bağlı hər hansı rəsmi sübut və ya hüquqi sənəd təqdim etmək mümkün deyil.
Açıq qalan suallar
Əsas sual isə budur - qanunla icazə verilməyən və sənədsiz hesab olunan tikililərin inşasına rayon icra strukturları necə və hansı əsaslarla göz yumub?
Məlumata görə, xüsusilə son iki ildə sənədsiz tikilən fərdi evlərin sayı ilə bağlı dəqiq statistika yoxdur. Rayon icra hakimiyyətlərinə göndərilən sorğular isə cavabsız qalır. Bu da faktiki olaraq həmin ərazilərdə aparılan tikintilərə nəzarət mexanizminin zəif olduğunu göstərir.
Problemin yükü vətəndaşın üzərində qalır
Hazırda minlərlə insan tikdiyi evdə qazsız, susuz, işıqsız və infrastruktursuz şəraitdə yaşayır. Bəzi hallarda sakinlər məcburiyyət qarşısında qalaraq kommunal xətlərə qeyri-qanuni müdaxilə edirlər ki, bu da əlavə hüquqi və texniki problemlər yaradır.
Beləliklə, icra başçılarının qanunsuz əməlləri səbəbindən vaxtilə nəzarətsiz və ya qeyri-rəsmi razılıqla aparılan tikintilərin nəticəsi bu gün həm vətəndaşlar, həm də digər dövlət qurumları üçün ciddi problemə çevrilib.
Kadr dəyişiklikləri gözlənilir?
Redaksiyaya daxil olan digər məlumata əsasən, rayon icra başçıları ilə bağlı artan narazılıqlar fonunda yaxın vaxtlarda müəyyən kadr dəyişikliklərinin ola biləcəyi iddia olunur. Bakının rayonlarında sistemsiz və sənədsiz tikintilərə “göz yumulması” nəticəsində yaranmış problemlərin hüquqi və inzibati məsuliyyətini kimin daşıyacağı isə açıq sual olaraq qalır.
Bakunews.tv