14 mart 2026-cı il tarixində Xətai Rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə “Şəhərsalma və Memarlıq ili” çərçivəsində ağacəkmə aksiyası təşkil olunub. Tədbir ətraf mühitin qorunması, ekoloji tarazlığın bərpası və rayon ərazisində yaşıllıq sahələrinin genişləndirilməsi məqsədini daşıyıb.
Aksiyada Xətai Rayon İcra Hakimiyyətinin başçısı Rafiq Quluyev, Milli Məclisin deputatı Vüqar Rəhimzadə, şəhid ailələrinin nümayəndələri, eləcə də rayon üzrə fəaliyyət göstərən idarə, müəssisə və təşkilatların əməkdaşları iştirak ediblər.
Ağacəkmə aksiyası rayonun Heydər Əliyev parkında və 8 Noyabr prospekti ərazisində həyata keçirilib. Tədbir zamanı yeni ağaclar əkilib, əkilən tinglər suvarılıb və onlara aqrotexniki qulluq göstərilib. Eyni zamanda, ərazidə abadlıq və təmizlik işləri aparılıb.
Tədbir çərçivəsində qurumuş və təhlükə yaradan ağaclar ərazidən götürülüb, ot örtüyü biçilib, quru ot və tullantılar daşınaraq ətraf mühitin daha səliqəli və təhlükəsiz olması təmin edilib.
Ağacəkmə aksiyasının əsas məqsədi rayon ərazisində yaşıllıq zolaqlarını genişləndirmək, ekoloji sabitliyi gücləndirmək, şəhərin ekoloji tarazlığını qorumaq və ictimaiyyət arasında təbiətə qayğı və məsuliyyət hissini təbliğ etməkdir.
Qeyd edilib ki, yaz mövsümü ərzində Xətai rayonu ərazisində yaşıllaşdırma tədbirləri davam etdiriləcək, yeni ağacların əkilməsi və mövcud yaşıllıqlara qulluq məqsədilə iməciliklərin keçirilməsi mütəmadi olaraq təşkil olunacaq.
BakuNews.Tv