Naxçıvan Muxtar Respublikasınin bir çox yaşayış məntəqələrində gecə saatlarında küçələrin işıqlandırılmaması sakinlərin ciddi narahatlığına səbəb olur. Xüsusilə kənd yerlərində yaşayanlar bildirirlər ki, küçə işıqlarının olmaması həm təhlükəsizlik, həm də gündəlik həyat üçün ciddi problemlər yaradır.
Bakunews.tv xəbər verir ki, Sakinlərin sözlərinə görə, bəzi kənd və qəsəbələrdə elektrik dirəkləri və lampalar quraşdırılsa da, onların bir hissəsi ya ümumiyyətlə işləmir, ya da çox zəif işıq verir. Nəticədə axşam düşən kimi bir çox küçə və yollar tam qaranlığa qərq olur.
Yerli icra qurumları isə bu vəziyyəti elektrik enerjisinə və büdcə vəsaitlərinə qənaət olunması ilə izah edir. Lakin sakinlər hesab edirlər ki, bu “qənaət” onların təhlükəsizliyi hesabına baş verir.
Küçə işıqlarının olmaması xüsusilə kənd yollarında qəzaların artmasına səbəb olur. Sürücülər qaranlıq səbəbindən yolu və piyadaları son anda görürlər. Bu isə həm yol-nəqliyyat hadisələrinin, həm də piyadaların vurulması riskini artırır.
Şərur rayonu sakini Zakir Əmirov bildirir ki, axşam düşən kimi yaşadıqları kənd tam qaranlığa qərq olur:
“Axşam düşən kimi kənd zülmət qaranlıq olur. Evlərin pəncərələrindən işıq görünməsə, burada yaşayış məntəqəsi olduğu bilinməz. Nə küçə işığı var, nə də yol kənarında bir lampa. Maşınlar biri-birini son anda görür. Gecə yol kənarında dayanmaq çox təhlükəlidir. Qəzaların da sayı artıb. Qaranlıqda ac qalan vəhşi heyvanlar belə kəndə tökülüb gəlir.”
Sakinlərin sözlərinə görə, xüsusilə dağ kəndlərində vəziyyət daha təhlükəlidir. Əvvəllər insanlar həyətlərini işıqlandıraraq vəhşi heyvanların yaxınlaşmasının qarşısını almağa çalışırdılar. Lakin elektrik enerjisinin bahalaşması səbəbindən indi həyət işıqlarını da uzun müddət yandırmaq çətinləşib.
Şahbuz rayonunun dağ kəndlərindən birində yaşayan Nail Seyidov da oxşar problemlə üzləşdiklərini deyir:
“Əhali azalıb, kəndlər boşalıb, gecələr tam səssizlik olur. Qaranlıqdan istifadə edən vəhşi heyvanlar dağlıq ərazilərdən yaşayış yerlərinə qədər gəlir. Hər gecə itlərin hürüşməsi ilə oyanırıq. Sabah bir hadisə baş versə, bunun məsuliyyətini kim daşıyacaq? Hər küçədə mümkün olmasa da, heç olmasa yol kənarında elektrik dirəkləri olmalıdır.”
Sakinlər bildirirlər ki, bütün küçələrin işıqlandırılması mümkün olmasa belə, ən azı əsas yollar və yaşayış məntəqələrinin giriş-çıxış hissələri işıqlandırılmalıdır. Onların fikrincə, bu həm yol təhlükəsizliyini artırar, həm də kəndlərdə yaşayan insanların gecə saatlarında özlərini daha təhlükəsiz hiss etməsinə kömək edər.
Məsələ ilə bağlı rəsmi qurumların mövqeyi isə hələlik açıqlanmayıb.
Bakunews.tv