Cəmiyyət / İdman
78
Bu gün, 00:44

Şəhid Nicat Atayevin xatirəsinə həsr olunmuş SAVAT Assault turniri keçirilib —Fotolar

Şəhid Nicat Atayevin xatirəsinə həsr olunmuş SAVAT Assault turniri keçirilib

15 mart 2026-cı il tarixində Ramana İdman Mərkəzində Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyinin təqvim planına uyğun olaraq Azərbaycan Savat Federasiyasının rəhbərliyi və Vətən uğrunda canından keçmiş qəhrəman şəhidimiz Atayev Nicat Habil oğlunun əziz xatirəsinə həsr olunmuş Savate Assault idman növü üzrə Açıq Turnir keçirilib.
Turnirdə ümumilikdə 14 klubdan 150 idmançı iştirak edib. Yarışın keçirilməsində əsas məqsəd gənclər arasında idmanın inkişafını təşviq etmək, sağlam həyat tərzini təbliğ etmək, eyni zamanda Azərbaycanın ərazi bütövlüyü uğrunda canlarından keçmiş şəhidlərimizin xatirəsini ehtiramla yad etmək olub.


Tədbirin açılış mərasimində əvvəlcə Azərbaycanın müstəqilliyi və ərazi bütövlüyü uğrunda şəhid olmuş bütün qəhrəmanlarımızın, o cümlədən şəhid Nicat Atayevin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Açılış mərasimində çıxış edən Azərbaycan Savat Federasiyasının prezidenti Rafiq Əliyev gənclərin vətənpərvərlik ruhunda yetişdirilməsinin əhəmiyyətindən danışıb. O qeyd edib ki, gənclərin idmana marağının artırılması onların sağlam və güclü böyüməsinə, eyni zamanda Vətənə bağlı və vətənpərvər ruhda formalaşmasına mühüm töhfə verir.

Rafiq Əliyev çıxışında vurğulayıb ki, kiçik yaşlarından uşaqlara Vətən sevgisinin aşılanması və onların milli ruhda böyüməsi müəllimlərin və cəmiyyətin üzərinə düşən mühüm vəzifələrdəndir. O həmçinin bildirib ki, Azərbaycan Nicat Atayev kimi igid və qəhrəman oğulları ilə daim fəxr edir.
Tədbirdə həmçinin Kəlbəcər şəhər üzrə Yeni Azərbaycan Partiyasının sədri Həbib Misirov, Azərbaycan Savat Federasiyasının baş katibi, Sahib Döyüş Klubunun direktoru Həsən Əliyev də iştirak ediblər.

Daha sonra söz şəhid Nicat Atayevin atası Habil Atayevə verilib. O çıxışında Nicatın timsalında bütün şəhidlərimizə Allahdan rəhmət diləyərək bildirib ki, gənclərin idmana maraq göstərməsi onların sağlam və vətənpərvər ruhda böyüməsində mühüm rol oynayır. Habil Atayev bu istiqamətdə müəllimlərin və məşqçilərin böyük əməyini xüsusi qeyd edib və yarış iştirakçılarına uğurlar arzulayıb.

Turnir gərgin və maraqlı idman mübarizəsi şəraitində davam edib. Yarışın sonunda qalib idmançılar mükafatlandırılıb. Belə ki,
I yerin qalibləri qızıl medal,
II yerin qalibləri gümüş medal,
III yerin qalibləri isə bürünc medal qazanaraq fəxri kürsüdə öz yerlərini tutublar.




Tədbirin sonunda Azərbaycan Savat Federasiyasının prezidenti Rafiq Əliyev tərəfindən şəhid Nicat Atayevin atası Habil Atayevə fəxri diplom təqdim edilib.

Qeyd edək ki, belə idman turnirləri gənclərin idmana marağının artırılması ilə yanaşı, qəhrəman şəhidlərimizin əziz xatirəsinin yaşadılması və gələcək nəsillərə vətənpərvərlik ruhunun aşılanması baxımından xüsusi əhəmiyyət daşıyır.

Allah bütün şəhidlərimizə rəhmət eləsin, məkanları cənnət olsun.










Top xəbərlər
Gün
Həftə
Ay
Son xəbərlər