Son dövrlərdə sosial şəbəkələrdə və mediada Nəsimi rayonu Alı Mustafayev küçəsində yerləşən “İlyasın Kafesi” ilə bağlı narazılıqların sayı artmaqdadır. Müxtəlif platformalarda paylaşılan rəylərdən və şikayətlərdən belə görünür ki, sözügedən ictimai iaşə obyektində müştəri hüquqları ilə bağlı ciddi problemlər mövcuddur. Şikayətlərin əsas məğzini isə qiymət siyasətində şəffaflığın olmaması təşkil edir.Belə ki, iddialara görə, kafe rəhbərliyi sosial şəbəkələrdə və müxtəlif reklam vasitələri ilə müştəriləri cəlb etməyə çalışsa da, obyekt daxilində menyunun olmaması ciddi suallar doğurur. Müştərilər bildirirlər ki, təqdim olunan yemək və içkilərin qiymətləri əvvəlcədən açıqlanmır və bu da sonradan xoşagəlməz sürprizlərlə nəticələnir.Ən çox səsləndirilən narazılıqlardan biri də məhz hesab təqdim edilən zaman yaranır. İddialara görə, müştərilər əvvəlcədən qiymət barədə məlumat almadıqları üçün sifariş verdikdən sonra yüksək məbləğlərlə qarşılaşırlar. Bu isə bir çox hallarda narazılıq və mübahisələrə səbəb olur. Bəzi vətəndaşlar bunu açıq şəkildə “aldadılma” kimi qiymətləndirir.Məsələ ilə bağlı hüquqi tərəfə diqqət yetirdikdə isə aydın olur ki, Azərbaycan qanunvericiliyinə əsasən ictimai iaşə obyektlərində xidmət göstərən sahibkarlar müştərilərə təqdim etdikləri məhsul və xidmətlərin qiymətləri barədə əvvəlcədən aydın və əlçatan məlumat verməlidirlər. Menyunun olmaması və ya qiymətlərin gizli saxlanılması istehlakçı hüquqlarının pozulması kimi qiymətləndirilə bilər.Ekspertlər bildirirlər ki, bu cür hallarla qarşılaşan vətəndaşlar aidiyyəti qurumlara müraciət etməli, eyni zamanda ödədikləri məbləğlə bağlı qəbz və sübutları saxlamalıdırlar. Bu, sonradan hüquqlarının müdafiəsi üçün mühüm rol oynaya bilər.Hazırda “İlyasın Kafesi” ilə bağlı səsləndirilən iddialara rəsmi qurumların münasibəti məlum deyil. Mövzu ilə bağlı kafe rəhbərliyinin mövqeyini öyrənmək də vacibdir. Qarşı tərəfin açıqlaması vəziyyətə daha aydınlıq gətirə bilər.Məsələ ictimai maraq doğurduğundan, ümid edilir ki, aidiyyəti qurumlar tərəfindən araşdırma aparılacaq və istehlakçı hüquqlarının qorunması istiqamətində müvafiq addımlar atılacaq.
Aztimes.az
Bakunews.tv