Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Dövlət Yol Polisi İdarəsi tərfindən DİN BDYPİ-yə bilavasitə tabe olan Qeydiyyat-imtahan idarəsi və İmişli Regional Qeydiyyat-imtahan şöbəsində aparılacaq cari təmir işləri üzrə 20.12.2025-ci ildə başlanılmış açıq tenderə yekun vurulub. Müsabiqənin qalibi “MUSEUM CONSTRUCTİON” Məhdud Məsuliyyətli Cəmiyyəti seçilib və tərəflər arasında 193.517,4 manat dəyərində satınalma müqaviləsinin bağlanılması gözlənilir.Qeyd edək ki, “MUSEUM CONSTRUCTİON” (VÖEN: 1101367621) Məhdud Məsuliyyətli Cəmiyyətinin 29.04.2016-cı il tarixdə Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsində dövlət qeydiyyatına alındığı göstərilir. Reyestr məlumatlarında nizamnamə kapitalı 100 manat olan MMC-nin hüquqi ünvanının, BAKI ŞƏHƏRİ, NƏRİMANOV RAYONU, ƏHMƏD RƏCƏBLİ , ev.33, QAPI 4, BLOK A, (ESRA PLAZA), qanuni təmsilçisi kimi isə Heydərov Kamal Fikrət oğlu qeyd olunub. MMC-nin təsiçisi və ilk qanuni təmsilçisi Hüseynov Cəmil Azad oğlu olub.
Açıq mənbələrdə “MUSEUM CONSTRUCTİON” MMC nin barəsində nə kimi məlumatlar var?
Medianın 26 dekabr 2025-ci ildə yaydığı məlumatlara görə “Museum Construction” MMC əmək müqaviləsi olmadan işçi çalışdırdığına görə inzibati məsuliyyətə cəlb edilib. Teleqraf-ın yaydığı xəbərə görə, Gəncə şəhər prokuroru, baş ədliyyə müşaviri Rauf Gözəlov tərəfindən şirkətin İnzibati Xətalar Məcəlləsinin 192.1-ci maddəsi ilə nəzərdə tutulan inzibati xəta törətməsinə dair iş üzrə icraatın başlanması haqqında qərar qəbul olunaraq baxılması üçün Gəncə Şəhər Məhkəməsinə göndərilib.
Məhkəmədə müəyyən edilib ki, “Museum Construction” MMC Əmək Məcəlləsinin 7-ci maddəsinin tələblərini pozaraq əmək münasibətlərini elektron informasiya sistemində qeydiyyata almadan, əmək müqavilələri hüquqi qüvvəyə minmədən Gəncə şəhəri Hacıkənd qəsəbəsində yerləşən “Cəsur Döyüşçü” adlı mağazanın ətraf ərazilərinin və hasarının təmiri işlərinə 3 nəfər usta vəzifəsində işə cəlb edib.
Gəncə şəhər prokurorunun köməkçisi məhkəmə iclasında bildirib ki, MMC tərəfindən işçilərin əmək müqaviləsi olmadan işlədilməsi faktı inzibati xəta tərkibi yaradır və şirkətin məsuliyyətə cəlb olunması zəruridir.
Gəncə Şəhər Məhkəməsinin qərarı ilə “Museum Construction” MMC Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 192.1-ci maddəsi ilə təqsirli bilinərək 20 min manat məbləğində inzibati cərimə edilib.
Göründüyü kimi “Museum Construction” MMC 25-ci ilin dekabrında əmək müqaviləsi olmadan işçi çalışdırdığına görə inzibati məsuliyyətə cəlb edilib. Bəs bu MMC-nin dövlət satınalmalarında iştirakı nə dərəcədə qanunidir?
“Dövlət Satınalmaları Haqqında” Azərbaycan Respublikası Qanununun 23 maddəsinin tələblərinə görə Azərbaycan Respublikasının qanunları ilə müəyyən olunmuş aşağıdakı halların mövcud olmaması:
Son bir il ərzində iki dəfə və ya daha çox Azərbaycan Respublikasının Əmək Məcəlləsində nəzərdə tutulmuş qaydada əmək müqaviləsi (kontraktı) hüquqi qüvvəyə minmədən işəgötürən tərəfindən fiziki şəxslərin hər hansı işlərin (xidmətlərin) yerinə yetirilməsinə cəlb edilməsinə görə maliyyə sanksiyasının və ya inzibati cərimənin tətbiq edilməsi;
Göründüyü kimi “Museum Construction” MMC Baş Dövlət Yol Polisi İdarəsinin tender prosedurunda iştirakla bağlı müraciətindən cəmi 3 ay əvvəl inzibati məsuliyyətə cəlb edilib və cərimə tətbiq olunub.
Medianın 2 avqust 2024-cü ildə yaydığı məlumatda da “Museum Construction” MMC-yə inzibati protokolun yazıldığı bildirilir. Belə ki, Dövlət Gömrük Komitəsi MMC barəsində protokolu İnzibati Xətalar Məcəlləsinin 485.2-ci (Azərbaycan Respublikasının Gömrük Məcəlləsi ilə müəyyən edilmiş hallarda qısa idxal bəyannaməsinin mallar gömrük ərazisinə gətirilməzdən əvvəl elektron formada verilməməsinə görə vəzifəli şəxslər min manat məbləğində, hüquqi şəxslər min beş yüz manat məbləğində cərimə edilir) maddəsinə əsasən tərtib edib. İş Nərimanov rayon Məhkəməsinin hakimi Gültəkin Əsədovanın icraatında olub. Məhkəmənin çıxardığı qərar barədə heç bir məlumat yoxdu.
Göründüyü kimi Baş Dövlət Yol Polisi İdarəsinin müqavilə bağlamaq istədiyi “Museum Construction” MMC inzibati qaydada məhkəmə tərəfindən cərimələnib. Bunlar açıq mənbələrdə MMC barədə yayılan məlumatların bir qismidir. İndi kim zəmanət verə bilər ki, “Museum Construction” MMC tenderdə iştirak üçün verdiyi sənədləri saxtalaşdırmayıb? Yaxud da kim zəmanət verə bilər ki, Baş Dövlət Yol Polisi İdarəsinin sifarişlərini yerinə yetirdikdə analoji qanun pozuntularına yol verməyəcək, əmək müqaviləsi olmadan işçi çalışdırmayacaq?
Aktualinfo.net
Bakunews.tv