Nizami rayonunda piyada səkisinin dağıdılaraq böyük tikinti işinin aparılması narazılığa səbəb olub.Tribuna.az-a bu barədə məlumat verən sakinlər bildirib ki, rayonun Elşən Süleymanov küçəsində bir müddətdir tikinti işləri aparılır. Sakinlərin narazılığına səbəb olan tikinti piyada səkisinin bir hissəsinin dağıdılması hesabına həyata keçirilib. Hətta tikinti zamanı səki zədələnib və altındakı torpaq qatı aşınıb.
Sakinlər bildirib ki, səkinin bu hala salınması onlar üçün təhlükədir:
“Yaxınlıqda lisey yerləşir və buradan gün ərzində yüzlərlə məktəbli gəlib-gedir. Piyada səkisində getmək mümkün deyil. Ona görə avtomobil yolu ilə hərəkət edir hamı. Sakinləri narahat edən bu tikintini Nizami rayon İcra Hakimiyyəti sanki görmür. Belə çıxır ki, icra başçısının rayondan, buradakı özbaşınalıqlardan xəbəri yoxdur”.
Sakinlər narazılıq yaradan tikinti ilə bağlı aidiyyəti qurumların tədbir görməsini tələb edir.
Tikinti ilə bağlı Nizami rayon İcra Hakimiyyəti ilə əlaqə yaratmağa çalışsaq da, cəhdlərimiz baş tutmadı.
Bakunews.tv