Feysbukdakı “Qazax-Ağstafa” adlı səhifə Ağstafa rayon icra başçısı Seymur Orucovun təyinatının 6 illiyi ilə bağlı sorğu keçirib.
Bizimesr.com bildirir ki, sorğuda iştirak edən Ağstafa sakinlərinin S.Orucov haqqında səsləndirdiyi fikirlər diqqət çəkib. Sakinlər başçının 6 il ərzində rayonda əsasən torpaq satışı ilə məşğul olduğunu iddia ediblər.
Sorğuda iştirak edən Loğman Babayev bildirib ki, S.Orucov 6 il ərzində hər yeri satıb:
“Hər yeri satıb qoyub cibinə. Yollar bərbad haldadır. Hələ icra hakimiyyətinin yerləşdiyi küçə lap bərbad haldadır”.
Tünzalə Rəhimli isə yazıb:“Vəzifəyə yox, soymağa, talamağa gəlməsindən 6 il ötüb”.
Səmən Hacıyeva:“Bu 6 ildə mən eşidirəm ki, Ağstafada satılmayan yer qalmayıb. Sağ olsun Seymur müəllim, hamısını satıb, oturub”.
Xəya Vahidoğlu:“Bu 6 ildə Ağstafanı deyə bilmərəm, amma Seymur müəllimin sərvəti xeyli artıb”.
Tahel Rəhimov:“Bu rayonda elə bir yol, elə bir küçə göstərin ki, orda normal hərəkət etmək olsun”.
Sorğuda iştirak edən Ağstafa Rayon İcra Hakimiyyətinin əməkdaşlarının cavabları da diqqət çəkib. İH əməkdaşları yazılan tənqidlərə cavab verərək, icra başçısını müdafiə ediblər.
Səxavət İsmayıl adlı icra əməkdaşı — şəxsi səhifəsində də icra hakimiyyətinin fəaliyyəti və Seymur Orucovla bağlı paylaşımlar edən şəxs — rayonda küçələrin satılmadığını, şəhid ailələri və qazilər üçün şərait yaradıldığını bildirib. O, paylaşımında icra başçısına can sağlığı və uğurlar arzuladığını da yazıb.
İcra hakimiyyətinin digər əməkdaşı Vüqar Həsənov isə Seymur Orucovun daha böyük vəzifələrə layiq olduğunu bildirib: “Hər zaman şəhid ailələri, qazi və veteranların yanında olan rayonumuzun rəhbərinə can sağlığı, işlərində uğurlar arzu edirik. Bundan da böyük vəzifələrə laiqsiz, cənab başçı”.
Sorğuya yazılan cavablar icra başçısı Seymur Orucovun 6 il ərzində fəaliyyətini göz önünə gətirib. Xatırladaq ki, Seymur Orucov 2019-cu ildə icra başçısı təyin edilib./Tribuna/
Bizimesr.com
Bakunews.tv