Müasir dövrdə ticarət və iqtisadi münasibətlərin sürətli inkişafı fonunda reklam sektoru da köklü dəyişikliklərə məruz qalıb. Lakin bu inkişaf hər zaman etik normalara və ya yaradıcı təfəkkürə əsaslanmır. Əksinə, pul qazanmaq üçün hər hansı vasitəni normal hesab edən, əxlaqı "köhnə fikir", həyanı isə "özünü ifadə edə bilməmək" kimi qələmə verən təhlükəli bir mühit formalaşdırılmaqdadır.
Son illərin tendensiyalarına nəzər saldıqda aydın olur ki, hər hansı bir məhsul bazara çıxarıldıqda ilk baxılan amil məhsulun öz keyfiyyəti, faydalılığı və ya texniki üstünlükləri deyil. Əsas diqqət kütlənin diqqətini çəkməyə yönəldilir və bunun üçün seçilən ən bəsit yol qadın bədənindən istifadə etməkdir. Ətrin, avtomobilin, restoran xidmətinin və ya tamamilə fərqli bir məişət əşyasının reklamında heç bir məntiqi əlaqə olmadığı halda belə qadınların mümkün qədər açıq geyimlərlə kamera qarşısına çıxarılması adi hala çevrilib.
Əgər təqdim olunan məhsul həqiqətən də yüksək keyfiyyətə malikdirsə, niyə onu satmaq üçün insan bədənindən istifadəyə ehtiyac duyulur? Niyə məhsulun özü, onun faydası, texniki göstəriciləri və ya daşıdığı ideya deyil, məhz zahiri görünüş ön plana çəkilir? Cavab çox sadədir: Çünki "tənbəl marketinq" hər zaman daha asan və ucuz başa gəlir. Bu cür yanaşmalar əslində məhsulu deyil, birbaşa insanı, xüsusilə də qadını şəxsiyyət kimi yox, sadəcə baxış toplamaq üçün istifadə olunan cansız bir obyektdə çevrir.
Bununla bağlı ətraflı açıqlama verən sosioloq Elçin Cəfərli bildirib ki, reklam bazarında hökm sürən bu cür ucuz manipulyasiyalar cəmiyyətin təməl sütunlarını sarsıdan dərin sosial-psixoloji böhranın göstəricisidir: "Müasir informasiya cəmiyyətində reklam sektoru yalnız iqtisadi alət olmaqdan çıxaraq kütləvi şüurun idarə edilməsi və mənəvi dəyərlərin transformasiyası mexanizminə çevrilib. Bu gün müşahidə etdiyimiz mənzərə odur ki, bəzi marketoloqlar və sahibkarlar istehlakçının diqqətini cəlb etmək üçün ən bəsit, instinktiv duyğulara müraciət edirlər. Məhsulun keyfiyyətini, funksionallığını və ya intellektual dəyərini önə çəkmək əvəzinə, insan bədənini ticarət obyektinə çevirmək həm etik, həm də hüquqi baxımdan qəbuledilməzdir. Bu, əsl yaradıcılıq böhranıdır. Yaradıcılıq yeni ideya, fəlsəfə və həll yolları deməkdir; gördüyümüz isə sadəcə düşüncə tənbəlliyidir.
Bu prosesin ən acınacaqlı tərəfi onun gənc nəslin psixologiyasına və formalaşmaqda olan dünya görüşünə vurduğu zərbədir. Gündəmləri milyonlarla insan, o cümlədən məktəblilər, yeniyetmələr və həyata yeni addım atan gənclər izləyir. Onlar hər gün görürlər ki, cəmiyyətdə ən çox diqqət çəkən, məşhurlaşan və uğur qazananlar intellekti, elmi və ya əməyi ilə deyil, məhz zahiri görünüşü, bədən sərgiləməyi vasitə seçənlərdir. Bu, gənclərə çox təhlükəli bir mesaj ötürür: 'Oxumağa, illərlə zəhmət çəkməyə, özünü inkişaf etdirməyə ehtiyac yoxdur; ən qısa yolu seç və bədənini vasitə kimi istifadə et'. Nəticədə gənclər öz dəyərlərini daxili keyfiyyətləri, xarakterləri və bilikləri ilə deyil, zahiri parametrləri ilə ölçməyə başlayırlar. Bu isə cəmiyyətin gələcəyini təhdid edən mənəvi deqradasiya dalğası yaradır. Dövlət qurumları, ictimai təşkilatlar və media bu məsələdə səssiz qalmamalı, reklam qanunvericiliyində etik normaların qorunması mexanizmləri sərtləşdirilməlidir. Əks təqdirdə, qazanılan qısamüddətli ticari gəlirlər uzunmüddətli perspektivdə bütöv bir xalqın mənheviyyatının itirilməsi ilə nəticələnəcək." (Nocomment.az)
Bakunews.tv