Gündəm
5
Dünən, 18:50

Eldar Mahmudovun oğlunun “mövcud olmayan mənzillər” iddiası Ali Məhkəmədə - 3 vətəndaş ədalət istəyir

Sabiq milli təhlükəsizlik naziri Eldar Mahmudovun oğlu Anar Mahmudovun Bakının mərkəzində yerləşən mənzillərlə bağlı başladığı hüquqi mübarizə yeni mərhələyə qədəm qoyub.
Musavat.com xəbər verir ki, iş üzrə kassasiya şikayətinə Ali Məhkəmədə hakim Elşad Şamayevin sədrliyi ilə baxılacaq.

Mübahisənin mərkəzində isə “Dolçasaray Rezidens”də yerləşən və 3 Azərbaycan vətəndaşına məxsus olan daşınmaz əmlaklar durur.

İşin ən diqqətçəkən məqamı Anar Mahmudovun iddia etdiyi mənzillərin faktiki ölçüləri ilə real vəziyyət arasındakı ciddi kənara çıxmaların olmasıdır. Anar Mahmudov binanın 14-cü mərtəbəsində yerləşən 202 və 453 kvadratmetrlik mənzillərin ona məxsus olduğunu bildirərək, alqı-satqı müqavilələrinin etibarsız sayılmasını tələb edir. Lakin həm Fövqəladə Hallar Nazirliyinin müvafiq qurumunun, həm də məhkəmə ekspertizasının rəyləri göstərir ki, sözügedən mərtəbədə Anar Mahmudovun göstərdiyi ölçülərdə mənzillər ümumiyyətlə mövcud deyil. Faktiki olaraq 14-cü mərtəbədə yerləşən 4 mənzilin sahəsi iddiaçının tələbləri ilə üst-üstə düşmür.

Məhkəmə sənədlərinə əsasən, mübahisəli 45, 46 və 48 saylı mənzillər 2020-ci ildə müxtəlif şəxslər tərəfindən “Dolçasaray” MMC-dən tam ödəniş edilərək alınıb. 46 saylı mənzil V.Mirqasımov tərəfindən 480 min manata; 48 saylı mənzil M.Dadaşzadə tərəfindən 340 min manata; 45 saylı mənzil isə Şövkət Əliyeva tərəfindən ödəniş tam həyata keçirilməklə alınıb.

Səbail Rayon Məhkəməsi müəyyən edib ki, vətəndaşlar mənzilləri alarkən dövlət reyestrində heç bir həbs və ya yüklülük qeydi olmayıb. Vətəndaşlara dövlətin rəsmi reyestrindən çıxarış da verilib. Qanuna görə, dövlətin rəsmi reyestrinə güvənərək əmlak əldə edən şəxslər “vicdanlı alıcı” statusuna malikdirlər.

Bundan əlavə, Anar Mahmudov mülkiyyət hüquqlarının pozulduğunu 2021-ci ildən bildiyini ortaya qoyur, lakin iddia ilə yalnız 2025-ci ilin mayında çıxış edib. Anar Mahmudov iddiası müddətinin ötürülməsi baxımından da suallar doğurur. Həm faktiki ziddiyyətləri, həm də vicdanlı alıcıların hüquqlarını nəzərə alan Səbail Rayon Məhkəməsi Anar Mahmudovun iddiasını əsassız hesab edərək rədd edib.

Buna baxmayaraq, Bakı Apellyasiya Məhkəməsində hakim Məmməd Məmmədovun sədrliyi ilə keçirilən prosesdə birinci instansiyanın əsaslandırılmış qərarı ləğv edilərək Anar Mahmudovun xeyrinə qərar çıxarılıb. Barəsində axtarış elan edildiyi və uzun müddətdir xaricdə yaşadığı bildirilən Anar Mahmudovun iddialarının Apellyasiya Məhkəməsində təmin olunması zərərçəkən vətəndaşların narazılığına səbəb olub.

Mənzil sahibləri Ali Məhkəmədən ədalətli qərar gözləyirlər. Onların sözlərinə görə, söhbət 3 mənzilin taleyindən deyil, dövlətin rəsmi reyestrinə inanaraq əmlak alan vətəndaşların hüquqlarından gedir. Onlar bildirirlər ki, mənzilləri 2020-ci ildə tam ödəniş etməklə, heç bir həbs və yüklülük olmayan dövlət reyestrinə əsaslanaraq əldə edib, çıxarış alıblar.

Vətəndaşlar Ali Məhkəmənin sədri İnam Kərimova müraciətlərində qeyd edirlər ki, Anar Mahmudovun iddia etdiyi ölçülərdə mənzillərin faktiki mövcudluğu ilə bağlı ekspertiza rəylərində ciddi suallar var. Buna görə də məhkəmədən işin bütün faktiki hallarının, onların vicdanlı alıcı statusunun və dövlət reyestrinin hüquqi qüvvəsinin nəzərə alınmasını xahiş edirlər.

“Biz heç bir imtiyaz istəmirik. Sadəcə dövlətin rəsmi sənədlərinə inanaraq, yüz minlərlə manat ödəyib əldə etdiyimiz əmlakın qanunla qorunmasını istəyirik. Ali Məhkəmədən gözləntimiz budur ki, qərar kiminsə statusuna və ya soyadına görə deyil, yalnız qanuna və sübutlara əsasən qəbul edilsin”, – vətəndaşlar bildirirlər.

Qeyd edək ki, Anar Mahmudov, onun atası Eldar Mahmudov 2015-ci il oktyabrın 17-də Prezidentin sərəncamı ilə milli təhlükəsizlik naziri vəzifəsindən utancverici şəkildə uzaqlaşdırılandan sonra Azərbaycanı tərk edib. Onun barəsində istintaq araşdırmalarının aparılması haqda illərdir ki, təkzib edilməyən məlumatlar yayılır. Belə bir vaxtda Anar Mahmudov Bakıda iddia qaldırır, hətta qanuni əsaslar olmadan qalib elan olunur.

Bu iddia üzərindən onun atasının MTN-nə rəhbərlik etdiyi dövrün qalmaqallı detalları bir daha gündəmə gəlir. 11 il nazir postunu tutan Eldar Mahmudov dövlətin təhlükəsizliyinə cavabdeh olan strateji bir qurumu faktiki olaraq sahibkarları, iş adamlarını şantaj edən, qanunsuz dinləmələr həyata keçirən və hədə-qorxu yolu ilə əmlakları zorla ələ keçirən mütəşəkkil cinayətkar şəbəkəyə çevirmişdi. Baş verən rüsvayçılıqların miqyası o qədər böyük idi ki, nəticədə 1991-ci ildən fəaliyyət göstərən Milli Təhlükəsizlik Nazirliyi tamamilə ləğv edildi və onun bazasında yeni təhlükəsizlik strukturları yaradıldı. Eldar Mahmudovun rəhbərliyi altında fəaliyyət göstərən və “mahmudovçular” kimi tanınan yüksək rütbəli zabitlərin biznes subyektlərinə qarşı reket, hədə-qorxu və qanunsuz həbslər vasitəsilə milyonlarla manatlıq mülkləri, şirkətləri əllərindən alması faktları istintaq materiallarında subuta yetirildi. Həyata keçirilən əməliyyatlar nəticəsində nazirliyin 20-dən çox vəzifəli şəxsi cinayət məsuliyyətinə cəlb olundu. İş adamlarının mülklərini talamış və cinayətlərə yol vermiş əsas fiqurlar məhkəmə qarşısına çıxarıldı. MTN İstintaq Baş İdarəsinin şöbə müdirləri adamlarından hədə-qorxu ilə əmlak almaq və qanunsuz həbslər həyata keçirmək ittihamları ilə həbs olunub. MTN Antiterror Mərkəzinin keçmiş rəisi, general-mayor Elçin Quliyev ağır cinayətlərdə, vəzifə səlahiyyətlərini aşmaqda təqsirli bilinərək uzunmüddətli həbs cəzasına məhkum edilib. Hərbi Əks-Kəşfiyyat Baş İdarəsinin keçmiş rəisi Nizami Şirinov müvafiq cinayət əməllərinə görə həbs edilib. Akif Çovdarov və digər idarə rəisləri də sahibkarların əmlakını reket yolu ilə mənimsəmə faktlarına görə uzunmüddətli azadlıqdan məhrum etmə cəzaları alıblar.

Dövlət təhlükəsizliyi adı altında yüzlərlə sahibkarın əmlakını qanunsuz yolla əlindən alan şəbəkənin ifşası və bu gün də həmin cinayətləri törədən şəxslərin cavabdehlik daşıması fəaliyyətlərin rəsmi qiymətini ortaya qoyur. Belə bir fonda xaricdə gizlənən sabiq nazir oğlunun Bakıda vətəndaşların qanuni mülklərinə iddiası xüsusi suallar doğurur.

Musavat.com

Bakunews.tv
Top xəbərlər
Gün
Həftə
Ay
Son xəbərlər