Cəmiyyət / Ölkə
3
Dünən, 15:10

Binəqədidə “Şəhərsalma və Memarlıq İli”- Damlar da tikintiyə qoşulub! - VİDEO

Binəqədi rayonunda son illər müxtəlif obyektlərdə aparılan artırma və yenidənqurma işləri ilə bağlı görüntülərin sayı artır..
Mövcud tikililərin üzərinə əlavə konstruksiyaların quraşdırılması, obyektlərin sahəsinin faktiki olaraq genişləndirilməsi, yaşıllıqların obyektə çevrilməsi artıq ayrı-ayrı ünvanlarda müşahidə olunan gözəl mənzərəyə çevrilib.

Bizimesr.media bildirir ki, son görüntülər də bu baxımdan diqqət çəkməyə bilməz.

Məsələn, Binəqədi rayonu, Məmməd Səid Ordubadi küçəsində yerləşən böyük qeyri-yaşayış obyektinin damında iri metal konstruksiyalardan ibarət göz oxşayan, “Şəhərsalma və Memarlıq İli”nə xas olan gözəl yeni tikinti aparılır. Görüntülərdən konstruksiyanın kifayət qədər böyük sahəni əhatə etdiyi görünsə də, eybi yox, əsas olan bu “məmnuniyyətdir”.

Əlbəttə, belə görüntü varsa, sual da var – Bu nədir, adi təmir, yoxsa mövcud obyektin faktiki genişləndirilməsi? İkinciyə daha çox oxşayır, amma, belə desək, müəllimlərin xoşu gəlməz... Ona görə də, adını qoyaq, yenə “vətəndaş məmnuniyyəti...”. Zatən, Binəqədi rayonunda belə artırmalarla bağlı müzakirələr, videolar yeni deyil və rayon rəhbərliyi də şad-xürrəmdir.

Elə bu zaman daha bir sual ortaya çıxır, amma bu sualı daha yumşaq səsləndirmək lazımdır ki, müəllimlərin acığı tutmasın – Cənablar, Binəqədidə tikinti aparmaq niyə bu qədər asanlaşıb? “Vətəndaş məmnuniyyəti” həqiqətənmi siz məmurlar üçün qanunlardan, məcəllələrdən üstündür, yoxsa bu, sahibkarları, pullu adamları cəlbetmə modelidir?

Kiçik haşiyə...

Elxan müəllim (Allahverdiyev) 2018-ci ilin iyunundan Binəqədi Rayon İcra Hakimiyyətinin başçısı vəzifəsindədir. Hacıbaba müəllim (Babayev) isə 2022-ci ildə Binəqədi RİH başçısının müavini təyin edilib. Hazırda rayon rəhbərliyinin tərkibində müavin kimi fəaliyyət göstərir.

Deyilənə görə, ikinci gələndən rayonun müxtəlif ərazilərində tikinti və artırma işləri tamam asanlaşıb. Müraciət edən sıravi vətəndaşlar üçün qəbul növbə ilə olsa da, sahibkarlar, imkanlı adamlar, obyekt sahibləri üçün növbəsizdir. Əlbəttə, sıravi vətəndaş həmişə problem olub, ya gəlib iş istəyəcək, ya da dərd-sər tökəcək. Sahibkar, biznesmen, obyekt sahiblərinin belə dərdi-səri yoxdur, onlar xeyrə gəlirlər, tikməyə, qurub-yaratmağa, binaların üstündə obyekt tikməyə, ağacları kəsmək üçün icazə almağa, yəni xeyir verməyə gəlirlər.

Elə buna görə də, hər tikintiyə, hər ağac kəsiminə, hər artırmaya “qanunsuz” damğası vurmaq olmaz. Əlavə olaraq, mövcud binanın üzərinə əlavə konstruksiya quraşdırılırsa, obyektin görünüşü və həcm-fəza həlli dəyişirsə, burada sənəd niyə lazımdır ki? Sənəd o adama lazımdır ki, kasıbdır, pulu yoxdur, özünə ev tikmək istəyir... Bu yekəlikdə obyekti olan biznesmenə binanın üstündə bir dəmir konstruksiya ilə nəsə artıracaq, ona sənədmi lazımdır? Əlbəttə ki, xeyr... Sənəd, rəy, memarın çertyoju, imzası, kupça, icazə – bunların hamısı kasıb üçündür, elədir, Hacıbaba müəllim Babayev? Düz deyirəm?

Yəni, pulu və imkanı olan obyekt sahibi istədiyi yerdə istədiyi artırmanı edər, artıq imkanı olanda, əgər ürəyi istəsə, sənədləşmə və razılaşdırmanı sonra edər. İstəməsə, heç etməz, kasıb-zad deyil ki...

“Vətəndaş məmnuniyyəti” adı altında hər şey mümkündür, varlılar, obyekt sahibləri üçün bəli...

Qaydalarda nə yazılır?

VİDEO LİNKDƏ: https://bizimesr.media/az/post/bineqedide-sehersalma-ve-memarliq-ili--damlar-da-tikintiye-qosulub---video-23411
İcra hakimiyyətlərinin fəaliyyətində vətəndaş müraciətlərinin dinlənilməsi və problemlərin həlli təbii olaraq mühüm istiqamətlərdən biridir. Vəssalam da, sahibkar da, imkanlı şəxs də vətəndaşdır və onun müraciəti həll olunub, kasıb xoş gəldi...

Çoxları deyir ki, “vətəndaş məmnuniyyəti” anlayışının sərhədi dəqiq müəyyənləşdirilməlidir. Əlbəttə, müəyyənləşib, sahibkar, obyekt sahibi və ya obyekt tikmək istəyən makler, imkanlı şəxs...

Vətəndaşın məmnun qalması üçün onun istəyinə uyğun tikinti aparılmasına şərait yaradılması başqa məsələdir, qanunvericiliyin tələblərinə uyğun tikinti aparılmasına nəzarət etmək isə tamam başqa məsələ. Çünki Hacıbaba müəllim üçün tikinti sahəsində əsas meyar “alan da razıdır, satan da” prinsipi niyə olmasın ki?

Gəldik çatdıq, Məmməd Səid Ordubadi küçəsinə.

İndi isə konkret məsələyə qayıdaq. Məmməd Səid Ordubadi küçəsindəki obyektin damında iri metal konstruksiya quraşdırılır. Bu konstruksiyanın hansı məqsədlə qurulduğu görüntülərdən tam aydın olmasa da, gözəl görünür... Ölkəmizə gələn turistlər təyyarədən bu görüntünü görüb necə də sevinəcəklər... Bu da xarici vətəndaş “məmnuniyyətidir...”. Təyyarədən yerə baxan xarici vətəndaş nə bilir, bu konstruksiyanın layihəsi varmı, kim tərəfindən razılaşdırılıb, neçiyə həll olunub?

Binəqədidə qanunsuz tikili narazılıq yaratdı – Video

Əgər bu tikinti ilə bağlı müvafiq sənədlər, razılaşdırma və icazələr varsa, onların açıqlanması niyə lazımdır? Kimin nə borcunadır, Elxan, Hacıbaba müəllimlər tikinti sahibi ilə necə razılaşıb? Bəlkə heç deyiblər, “get tik, narahat olma, biz buradayıq”, bəlkə özlərinindir...

Çoxları elə bilir ki, rayon rəhbərliyinin əsas vəzifələrindən biri vətəndaşın istədiyini etmək, şərait yaratmaqdır. Elə şey yoxdur, rayon rəhbərliyinin vəzifəsi, vətəndaş məmnuniyyətidir, ki, onu da sahibkarlardan dolunca alır.

Binəqədi şəhərin ən böyük və ən sıx rayonlarından biridir. Belə ərazidə hər bir əlavə tikinti və artırma son nəticədə ümumi şəhərsalma mühitinə təsir göstərir. Bu səbəbdən də rayon ərazisində obyektlərin üzərinə əlavə mərtəbə xarakterli konstruksiyaların quraşdırılması, damların bağlanması, fasad və həcm dəyişikliklərinin aparılması adi məsələ deyil və hər adam bunu edə bilməz...

Əgər hər bir sahibkar öz obyektində istədiyi konstruksiyanı qura bilirsə, o zaman şəhərsalma qaydalarının, layihənin və icazənin nə əhəmiyyəti qalır? Axı onun əhəmiyyəti ancaq kasıb ev tikəndə vacibdir, varlılara, sahibkarlara bu aid deyil...

Ədil Hüseynov
Bizimesr.media

Bakunews.tv
Top xəbərlər
Gün
Həftə
Ay
Son xəbərlər