ABŞ-nin İrana qarşı hərbi əməliyyat planları hazırda ölkə ərazisinə quru qoşunlarının yeridilməsini nəzərdə tutmur.
Bakunews.tv TASS-a istinadən xəbər verir ki, bu barədə Ağ Evin mətbuat katibi Kerolayn Livitt jurnalistlər üçün keçirilən brifinqdə bildirib.
"Bu, hazırkı planlara daxil deyil. Lakin prezident adından heç bir variantı istisna edə bilmərəm", - deyə o qeyd edib.
K.Livitt əlavə edib ki, ABŞ İranla aparılan danışıqlar zamanı Tehrana mülki nüvə proqramını dəstəkləmək üçün pulsuz nüvə yanacağı təqdim etməyi və atom energetikası sahəsində birgə layihələrə investisiya yatırmağı təklif edib. Bundan başqa, Vaşinqton sanksiyaların ləğvini də müzakirə edib.
Ağ Evin mətbuat katibi onu da bildirib ki, ABŞ Prezidenti Donald Tramp münaqişədən sonra Vaşinqtonun İranla bağlı mümkün mövqeyini nəzərdən keçirir. Onun sözlərinə görə, Tramp bu məsələni məsləhətçiləri və milli təhlükəsizlik komandası ilə müzakirə edir.
Livitt qeyd edib ki, prezident hazırda əsas diqqətini "Epik qəzəb" adlı hərbi əməliyyatın tez və effektiv şəkildə uğurla başa çatdırılmasına yönəldib.