Dünya
5
Bu gün, 13:21

İranın “qələbə” kimi təqdim etdiyi sövdələşmə: ABŞ niyə buna razı oldu?

ABŞ-nin İranla danışıqlar üzrə nümayəndələri Vaşinqton və Tehran arasında imzalanacaq anlaşma memorandumunun mətnini mümkün qədər tez dərc etməyə çalışırlar. Amma onlar həm də deyirlər ki, bu sənəddə istifadə olunan söz və ifadələrə çox da önəm verilməməlidir.

Rəsmilərin sözlərinə görə, memorandumun mətni olduqca qeyri-müəyyən şəkildə hazırlanıb, əsas məqsəd sonrakı mərhələlərdə texniki və üzbəüz danışıqların başlanması üçün zəmin yaratmaqdır: “Sənəd elə tərtib olunub ki, İran hakimiyyəti onu daxili ictimai rəyə siyasi baxımdan “məqbul razılaşma” kimi təqdim edə bilsin”.

Rəsmilər həmçinin bildiriblər ki, ABŞ vitse-prezidenti Ceyms Devid Vensin bundan əvvəl açıqladığı təxminən bir yarım səhifəlik memorandumda Tehranın gizli kanallar vasitəsilə Vaşinqtona təqdim etdiyi mühüm öhdəliklər yer almır. Onların fikrincə, məhz bu pərdəarxası öhdəliklər Vaşinqtonun bu razılaşmanı qəbul etməsində mühüm rol oynayıb.

Rəsmilərdən biri razılaşmanı “siyasi sənəd” kimi xarakterizə edərək söyləyib: “İnsanlar memorandumun mətninə çox da fikir verməməlidirlər”.

O əlavə edib ki, sənədin mətnindən daha vacib olan məsələ tərəflər arasında formalaşmış qarşılıqlı anlaşma və ortaq anlayışdır. Həmin rəsminin sözlərinə görə, mövcud razılaşma sanksiyalar, nüvə proqramı və dondurulmuş aktivlər də daxil olmaqla, əsas mövzular üzrə danışıqların aparılması üçün lazımi zəmini yaradır.

“Sanksiyaların yumşaldılması razılaşmanın icrasında əldə ediləcək irəliləyişdən asılı olacaq. Dondurulmuş aktivlərin azad edilməsi isə icra mexanizmləri barədə razılıq əldə olunduqdan sonra həyata keçiriləcək”, - mənbə əlavə edib.

İran mümkün razılaşmanı “qələbə” kimi təqdim etməyə çalışsa da, ABŞ rəsmiləri bunun daxili ictimai rəyə hesablandığını bildikləri üçün ciddiyə almırlar.

Bakunews.tv
Son xəbərlər