Ukraynanın işğal altındakı Krımda hərbi, enerji və logistika infrastrukturuna endirdiyi zərbələr Rusiya Prezidenti Vladimir Putini yeni riskli addımlar atmağa sövq edə bilər.
Məqalə müəlliflərinə görə, Krım tarixən Rusiyanın qonşuları və Qərblə qarşıdurmasının əsas nöqtələrindən biri olub. Moskva 2014-cü ildə yarımadanı ilhaq etdikdən sonra ərazi üzərində nəzarətini Qərbin ciddi hərbi reaksiyası olmadan möhkəmləndirə bilib. Həmin dövrdə NATO-nun yalnız sanksiyalar və siyasi bəyanatlarla kifayətlənməsi Kremldə belə bir təsəvvür yaratmışdı ki, Ukrayna ərazilərinin işğalı ciddi nəticələr doğurmayacaq. Amma Rusiyanın Ukraynaya qarşı genişmiqyaslı işğala başlamasından sonra vəziyyət dəyişdi.
Ukrayna son günlərdə Krıma dron zərbələrini intensivləşdirib, bu da yarımadadakı Rusiya hərbi infrastrukturunun fəaliyyətini xeyli çətinləşdirib. Hətta yarımadada fövqəladə vəziyyət rejimi də elan olunub.
Məqalə müəlliflərinin fikrincə, Ukrayna və tərəfdaşları üçün bu vəziyyət Ukraynanın zərbələrinin effektivliyinin, Rusiyanın təcavüzünün uğursuzluğunun göstəricisi sayıla bilər. Amma əsas sual Kremlin buna necə reaksiya verəcəyidir.
Məqalədə vurğulanır ki, Putin artıq müharibə ilə bağlı informasiya məkanına nəzarəti itirmək problemi ilə üzləşib. Ukrayna dronları getdikcə daha tez-tez Rusiyanın iri şəhərlərində hədəfləri vurur, bu səbəbdən Moskva əhalini müharibənin “uğurla getdiyinə” inandırmaqda çətinlik çəkir.
“The Telegraph” yazır ki, əsas narahatlıq Putinin təhlükəli eskalasiyaya əl ata biləcəyi ilə əlaqəlidir. Bura Kiyevə hücumların gücləndirilməsi, hətta taktiki nüvə silahından istifadə ehtimalı da daxildir.
“NATO liderləri gələn ay Türkiyənin paytaxtı Ankarada keçiriləcək sammitdə Moskva ilə mümkün qarşıdurmaya hazır olmalıdırlar. Bu, Donald Trampa da aiddir”, - nəşr əlavə edir.
Bakunews.tv