Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi bir mənbədən satınalma metodu tətbiq etməklə Bakı şəhərində və bölgələrdə yerləşən bəzi tabeli qurumlara icarə xidmətinə dair satınalmaların nəticələrini açıqlayıb. Məlumatlar dövlət satınalmalarının portalında 11.02.2026-cı ildə dərc edilib.
Mediada yayılan məlumatlara görə Ədliyyə Nazirliyinin icarə xidmətinin satınalması üzrə müqavilə bağladığı fiziki şəxs Mahmudova Təranə Abid qızı (VÖEN – 1405433592) Baş nazirin sabiq müavini Abid Şərifovun qızıdır. Ədliyyə Nazirliyi Binəqədi rayon icra şöbəsi üçün Bakı şəhəri, Binəqədi rayonu, Azadlıq prospekti 179 ünvanında yerləşən, ümumi sahəsi 340,2 m² olan qeyri-yaşayış binasını icarəsi üçün xanım sahibkara 34.800 manat ödəyəcək.
Medianın məlumatlarına görə Təranə Mahmudova eyni zamanda 6 saylı cəzaçəkmə müəssisəsinin sabiq rəisi Məmməd Mahmudovun həyat yoldaşıdır. Abid Şərifovun qızı 2002-ci ildə qeydiyyata alınan “A.N.N.N” MMC və 2017-ci ildə qeydiyyata alınan “Güvən 2017” MMC-lərin, həmçinin Nərimanov rayonunda fəaliyyət göstərən “Optimed” Tibb Mərkəzinin direktoru da olub.
Ədliyyə Nazirliyi ilə icarəsi xidmətlərinin satınalınması üzrə müqavilə bağlamış bəzi fiziki şəxslər ətrafında ətraflı araşdırmalar apardıq. Məlum oldu ki, onlar heç də sıradan şəxslər deyil, bəziləri sahibkar, bəziləri isə keçmiş məmurların övladlarıdır. Onlardan bir neçəsini diqqətinizə çatdırırıq.
Ədliyyə Nazirliyi Yevlax rayon icra və probasiya şöbəsi üçün Yevlax şəhəri, Zərdabi küçəsi, 1V ünvanında yerləşən, ümumi sahəsi 131,61 m² olan qeyri-yaşayış binasının icarəsi xidmətləri satınalınması üzrə fiziki şəxs Hüseynov Şahin Elbrus oğlu ilə 14.400 manat dəyərində satınalma müqaviləsi bağlayıb. Fiziki şəxsin vergi ödəyicisi kimi VÖEN-i yoxdur.
Apardığımız araşdırma zamanı məlum oldu ki, fiziki şəxs Şahin Hüseynov İqtisadiyyat Nazirliyinin Aran Regional Bölməsinin müdiri olmuş Elbrus Hüseynovun oğludur. Xatırladaq ki, Aran Regional Bölməsi Yevlax şəhərində yerləşir. Elbrus Hüseynov uzun müddət bu bölməyə rəhbərlik edib. Medianın 22.09.2020-ci ildə yaydığı məlumata görə İqtisadiyyat Nazirliyinin Aran Regional Bölməsinin müdiri Elbrus Hüseynov vəzifəsindən azad edilib.
Ədliyyə Nazirliyi Sabirabad rayon icra və probasiya şöbəsi üçün Sabirabad şəhəri H.Əliyev pr.106A ünvanında yerləşən, ümumi sahəsi 271,3 olan qeyri-yaşayış binasının icarəsi xidmətləri satınalınması üzrə fiziki şəxs Əsgərov Vasif Əfras oğlu ilə 28.800 manat dəyərində satınalma müqaviləsi bağlayıb.
Fiziki şəxs Əsgərov Vasif Əfras oğlu (VÖEN: 6800950232) vergi ödəyicisi kimi 26.01.2026-ci ildən kiçik sahibkar kimi dövlət qeydiyyatına alınıb. Sabirabad rayonun Zəngənə kəndində daimi qeydiyyatdadır.
Vasif Əsgərov Sabirabad rayonunda fəaliyyət göstərən fermer Əfras Əsgərovun oğludur. Qeyd edək ki, Əfras Əsgərov pambıqçılıq təcrübəsi böyük olan, hər il yüksək məhsuldarlıq əldə etməyi ilə tanınan fermerlərdəndir. Kənd Təsərrüfatı naziri İnam Kərimov Sabirabad rayonuna 2019-cu ildə etdiyi səfərdə fermerlə görüşmüşdü.
Ədliyyə Nazirliyi Göyçay RƏİ və Göyçay rayon icra və probasiya şöbəsi üçün Göyçay şəhəri, H.Əliyev pr.30 ünvanında yerləşən, ümumi sahəsi 750,1 m² olan qeyri-yaşayış binasının icarəsi xidmətləri satınalınması üzrə fiziki şəxs Muradov Azad Əzim oğlu ilə 69.600 manat dəyərində satınalma müqaviləsi bağlayıb.
Fiziki şəxs Azad Muradov həm də “ATF” Məhdud Məsuliyyətli Cəmiyyətinin direktorudur. Göyçay rayonunda yerləşən ATF MMC 23 dekabr 2003-cü ildə qeydiyyata alınıb. Nizamnamə kapitalı 20 manatdır. Şirkətin qanuni təmsilçisi Muradov Azad Əzim oğludur.
Muradov Azad Əzim oğlu (VÖEN: 6001208102) vergi ödəyicisi kimi 28.02.2019-cu həm də fiziki şəxs kimi dövlət qeydiyyatına alınıb. Göyçay rayonu Potu kəndində daimi qeydiyyatdadır.
Ədliyyə Nazirliyi Göygöl rayon Məhkəməsi üçün Göygöl şəhəri S.Vurğun küçəsi 45A ünvanında yerləşən, ümumi sahəsi 945,1 m² olan qeyri-yaşayış binasının icarəsi xidmətləri satınalınması üzrə fiziki şəxs Seyidov Sabir Arif oğlu ilə 36.000 manat dəyərində satınalma müqaviləsi bağlayıb. Fiziki şəxsin vergi ödəyicisi kimi VÖEN-i göstərilmir.
Fiziki şəxs Sabir Seyidov 23 fevral 2006-cı ildən 22 may 2020-ci ilə qədər Göygöl rayon İcra Hakimiyyətinin başçısı vəzifəsində işləmiş Arif Seyidovun oğludur. Onun Göygöl rayonuna 14 illik rəhbərliyi dövründə heç də müsbət səciyələndirilmir. Hələ başçı işlədiyi dövrdə Arif Seyidovun oğlu Samir Seyidovun dəbdəbəli həyat sürməsini əks etdirən fotolar sosial şəbəkələrdə və mediada müzakirə obyektinə çevrilmişdi.
Ədliyyə Nazirliyi Gəncə Kommersiya Məhkəməsi üçün Gəncə şəhəri, Fikrət Əmirov küçəsi 104 ünvanında yerləşən, ümumi sahəsi 407,4 m² olan qeyri-yaşayış binasının icarəsi xidmətinin satın alınması üzrə fiziki şəxs Orucov Bəxtiyar Əbülfəz oğlu ilə 60.000 manat dəyərində satınalma müqaviləsi bağlayıb.
Bəxtiyar Orucov 2021-ci ilə qədər Gəncə Telekommunikasiya İdarəsinin rəisi olmuş Əbülfəz Orucovun oğludur.
Fiziki şəxs Orucov Bəxtiyar Əbülfəz oğlu (VÖEN: 2301508422) vergi ödəyicisi kimi 22.11.2010-cu ildən kiçik sahibkar kimi dövlət qeydiyyatına alınıb. Gəncə şəhəri Vəlu Xuluflu ev 102 ünvanında daimi qeydiyyatdadır. Vergi ödəyicisi kimi passiv durumdadır. Buna baxmayaraq 05.03.2025-ci ildə Ədliyyə Nazirliyi ilə icarə xidmətinin satın alınması üzrə 60.000 manat dəyərində müqavilə bağlayıb.
Bu məlumatlardan da göründüyü kimi obyektlərini Ədliyyə Nazirliyinin qurumlarına icarəyə verən şəxslər heç də sıradan şəxslər deyil, hamısı sabiq məmurların övladlarıdır. Təbii ki, Ədliyyə Nazirliyi icarə müqavilələrini qanun çərçivəsində bağlayıb. Amma bu obyektlərin sahibi olan məmur övladları onları hansı yollarla əldə edərək leqallaşdırıb, o ciddi suallar doğurur.
Aktualinfo.net.
Bakunews.tv