Gündəm
3
Dünən, 16:31

Ramiz Mehdiyev və Əli Kərimlini bu qədər həbs gözləyir- DETALLAR

Xəbər verildiyi kimi, Dövlət Təhlükəsizliyi Xidməti Ramiz Mehdiyev barəsindəki cinayət işi ilə bağlı detalları açıqlayıb. DTX-nın yaydığı məlumatda Abbas Abbasov, Əli Kərimli, Fuad Qəhrəmanlı, Məmməd İbrahim və Qənimət Zayıdovun Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 278.1 (hakimiyyətin zorla ələ keçirilməsinə, yaxud zorla saxlanılmasına, habelə dövlətin konstitusiya quruluşunun zorla dəyişdirilməsinə yönələn hərəkətlər), Eldar Əmirov 32.5, 278.1 (hakimiyyətin zorla ələ keçirilməsinə, yaxud zorla saxlanılmasına, habelə dövlətin konstitusiya quruluşunun zorla dəyişdirilməsinə yönələn hərəkətlərə kömək etmə), Ramiz Mehdiyev isə Cinayət Məcəlləsinin 193-1.3.2 (cinayət yolu ilə əldə edilmiş xeyli miqdarda əmlakı leqallaşdırma), 274 (dövlətə xəyanət) və 278.1-ci maddələri ilə təqsirləndirilən şəxs qismində məsuliyyətə cəlb edildiyi qeyd olunub.
Abbas Abbasov, Fuad Qəhrəmanlı və Qənimət Zayıdovun Azərbaycan Respublikası ərazisindən kənarda olduqları və istintaqdan gizləndikləri üçün barələrində axtarış elan edilməklə, məhkəmə tərəfindən qiyabi həbs qətimkan tədbiri seçildiyi cinayət işi üzrə araşdırmaların davam etdirildiyi bildirilir.

Bəs 278.1-ci maddə hansı cəzanı nəzərdə tutur?

Musavat.com xəbər verir ki, Cinayət Məcəlləsinin 278-ci və 278.1-ci maddəsi Azərbaycan Respublikasının konstitusiya quruluşuna qarşı yönələn ən təhlükəli cinayətlərdən biridir və dövlətçilik fəlsəfəsinin, suverenliyin, qanunun aliliyinin qorunmasında mərkəzi rol oynayır. Bu maddə yalnız bir hüquqi norma deyil, dövlətin siyasi müstəqilliyinin, xalqın seçki hüququnun və idarəetmə institutlarının toxunulmazlığının təminatıdır. Bu cinayətin predmeti hakimiyyətin legitimliyidir. Konstitusiya müəyyən edir ki, hakimiyyətin mənbəyi xalqdır və yalnız xalq öz iradəsi ilə, sərbəst seçkilər vasitəsilə dövlət başçısını, parlamenti və digər icra, qanunverici strukturları formalaşdıra bilər. Bu mexanizmin zorakı üsullarla pozulması dövlətin təməl sütunlarını dağıdan təhlükə kimi qəbul edilir. Məhz buna görə cəza siyasəti ən sərt formada müəyyən olunub. Bu maddə üzrə cəza 12 ildən 20 ilədək müddətə azadlıqdan məhrumetmə və ya ömürlük azadlıqdan məhrumetmə ilə cəzalandırılmanı nəzərdə tutur.

Maddənin qeyd hissəsi isə hüquqi siyasətin humanist tərəfini göstərir. Burada dövlət təhlükəsizliyinə qarşı yönəlmiş ağır cinayətin qarşısının alınması üçün könüllü məlumat vermiş şəxslərə hüquqi imtiyaz tanınır. Əgər şəxs bu cinayəti törətmək niyyətində olsa da, dövlət orqanlarına vaxtında məlumat verərək zərərin qarşısının alınmasına real şəkildə kömək edirsə və başqa cinayət törətməyibsə, o, cinayət məsuliyyətindən azad edilə bilər. Bu mexanizm iki məqsədə xidmət edir ki, birincisi, dövlət çevrilişinin və ya konstitusiyaya qarşı zorakı addımların qarşısının alınması, ikincisi isə cinayətkar qrupların içərisində parçalanma yaratmaqla belə əməllərin reallaşmasını çətinləşdirmək. Bu norma dövlətin preventiv siyasətinin mühüm elementidir, çünki cinayətin cəzasından daha çox, onun baş verməməsi daha önəmlidir.

Hakimiyyətin zorakı yolla dəyişdirilməsi cəmiyyətin sabitliyini pozur, hüquqi sistemin fəaliyyətini iflic edir, vətəndaşların təhlükəsizlik hissini itirir və ölkəni xaos, qarşıdurma və hüquqsuzluq mühitinə çəkir. Bu səbəbdən 278-ci maddə dövlətin siyasi sabitliyinin və hüquqi legitimliyinin qorunmasında ən vacib cinayət-hüquq normalarından biri kimi qəbul edilir.

Cinayət Məcəlləsinin 274-cü maddəsi isə Azərbaycan Respublikasının suverenliyinə, ərazi bütövlüyünə, dövlət müstəqilliyinə və müdafiə qabiliyyətinə qarşı düşmənçilik fəaliyyəti, xarici dövlət və ya təşkilatlara casusluq etmək, dövlət sirrini yaymaq və s. kimi əməllərə görə tətbiq edilir və cinayəti sübuta yetirilən şəxs 12 ildən 20 ilədək azadlıqdan məhrumetmə və ya ömürlük həbs cəzası ilə cəzalandırılır.

Bakunews.tv
Top xəbərlər
Gün
Həftə
Ay
Son xəbərlər