SON DƏQİQƏ
Bakunews.tv » Gündəm » Gəncə Dövlət Universitetində baş verən qanunsuzluqlara kim hüquqi qiymət verəcək? İTTİHAM

Gəncə Dövlət Universitetində baş verən qanunsuzluqlara kim hüquqi qiymət verəcək? İTTİHAM

30.10.2026 16:37 5
"Gəncə Dövlət Universitetində baş vermiş, universitetin normal fəaliyyətinə, tədrisin keyfiyyətinə, dövlət vəsaitlərinin təyinatı üzrə istifadəsinə, əməkdaşların hüquqlarına və ali təhsil müəssisəsində qanunçuluğun təmin edilməsinə ciddi xələl gətirən çoxsaylı faktlarla bağlı Sizə müraciət edirik."
TEREF yazır ki, bu barədə sözügedən universitetin işçiləri adından Respublika Prokurorluğuna və ölkə rəhbərliyinə, bir nüsxəsidə poçtumuza ünvanlanmış müraciətdə deyilir. Müraciətin müəllifləri daha sonra yazırlar:
Əvvəli burda:
https://teref.biz/manset/426926-gence-dovlet-universitetinde-ne-bas-verir-yoxlama-neleri-askar-etdil-ii-hisse-iddia.html
Dövlət vəsaitlərinin talan edilməsi ilə bağlı barəsində cinayət işi açılmış şəxsin universitetdə heç bir problem yoxmuş kimi fəaliyyət göstərməsi, yüksək maaşla vəzifəyə təyin edilməsi, digər əməkdaşları ittiham etməsi və universitetdə rəhbər vəzifə tutması ciddi suallar doğurur. İlqar Kubışev barəsində açılmış cinayət işinin hazırkı vəziyyəti, onun işə qəbul edilməsinə və rəhbər vəzifəyə təyin olunmasına hüquqi maneələrin olub-olmaması, Müasir Təlim Mərkəzinin yaradılması və saxlanılması üçün ayrılan vəsaitlərin əsaslılığı yoxlanılmalıdır. Bu məsələlər üzrə müvafiq əmrlər, ştat cədvəlləri, əməkhaqqı sənədləri və mərkəzin fəaliyyətini təsdiq edən sənədlər tələb edilərək araşdırılmalıdır.
Universitetdə əməkhaqlarının artırılmaması, elmi fəaliyyətin nəticələrinə görə stimullaşdırıcı əməkhaqqı almaq üçün təqdim edilən professor-müəllim heyətinin siyahılarında isə elmi məqaləsi belə olmayan şəxslərin yer alması da ciddi narazılıq yaradır. Elmi fəaliyyətə görə stimullaşdırıcı ödənişlərin verilməsi zamanı obyektiv və şəffaf meyarların tətbiq olunması vacibdir. Elmi nəticələri olmayan şəxslərin bu ödənişlərə təqdim edilməsi, elmi nailiyyətləri olan əməkdaşların isə lazımi qaydada qiymətləndirilməməsi universitetdə ayrı-seçkilik və qeyri-obyektiv yanaşma ehtimalını yaradır.
Bütün bu faktlar fonunda rektor Yusif Yusibovun universitetin idarə edilməsində yol verdiyi nöqsanların, maliyyə vəsaitlərinin istifadəsinə, kadr təyinatlarına, tədris prosesinə və kollektivlə münasibətlərə dair qəbul etdiyi qərarların araşdırılması xüsusi əhəmiyyət daşıyır. Universitetdə dövlət vəsaitlərinin xərclənməsi, imtahan nəticələrinin rəsmiləşdirilməsi, diplomların verilməsi, avadanlıqların alınması, təmir işlərinin dəyəri və əməkdaşların hüquqlarının qorunması ilə bağlı ciddi problemlər olduğu halda, rektorun yaxın ətrafı ilə birlikdə kollektivə təzyiq göstərməsi və işçiləri işdən çıxarmaqla hədələməsi yolverilməzdir.
Vasif və Asif Həsənov qardaşlarının universitetdəki fəaliyyəti, onların Eduman sisteminin tətbiqindəki rolu, rektor Yusif Yusibovla münasibətləri və universitetdə qərarların qəbul edilməsinə mümkün təsirləri də araşdırılmalıdır. Universitetin idarəçiliyi ayrı-ayrı şəxslərin şəxsi maraqlarına deyil, qanunçuluğa, şəffaflığa, dövlət vəsaitlərinin qorunmasına, müəllimlərin hüquqlarına və tələbələrin keyfiyyətli təhsil almasına xidmət etməlidir.
Kimya-biologiya və Pedaqoji fakültələrdə tələbə imtahana ümumiyyətlə gəlmədiyi halda onlara qiymət yazılması halları komissiya tərəfindən aşkarlanmışdır. Gəncə Regional Kollecin sabiq direktoru Xoşqədəm Xudiyevaya qarşı müəllimlərin etiraz toplantıları Yusif Yusibov və onun əlaltıları olan İlqar Kubışev və Vasif Həsənov tərəfindən təşkil edilmişdir.
Yuxarıda göstərilən faktların hər biri Gəncə Dövlət Universitetində ciddi və hərtərəfli prokuror yoxlamasının aparılmasını zəruri edir. Xüsusilə Nazirlik əməkdaşlarının apardığı yoxlamalar zamanı götürülmüş imtahan vərəqləri, kafedra və şöbə müdirlərindən alınmış xidməti raportlar, diplomların verilməsinə dair sənədlər, maliyyə və satınalma sənədləri, təmir işlərinə aid smetalar, kompüterlərin texniki göstəriciləri, vəzifəyə təyinat əmrləri, Universitet Elmi Şurasının protokolları və əməkhaqqı sənədləri araşdırılmalıdır. Universitet Elmi Şurasında müzakirə edilmədən ayrı-ayrı şəxslərə yüksək əmək haqqı yazılmışdır. Bu sənədlər əsasında dövlət vəsaitlərinin mənimsənilməsi, vəzifə səlahiyyətlərindən sui-istifadə, sənədlərin saxtalaşdırılması, tədris və qiymətləndirmə prosesində qanunsuzluqlar və digər mümkün cinayət əməlləri olduğundan, təqsirli şəxslər barəsində qanunvericiliyə uyğun tədbirlər görülməlidir.
Hörmətli cənab prokuror, Sizdən xahiş edirik ki, müraciətimizdə qeyd olunan bütün faktlar üzrə Gəncə Dövlət Universitetində hərtərəfli, obyektiv və qərəzsiz araşdırma aparılmasını, Elm və Təhsil Nazirliyi və Elm və Təhsil üzrə Dövlət Agentliyi tərəfindən keçirilmiş yoxlamaların materiallarının, Komissiyanın sənədlərinin və yekun qərarlarının tələb edilməsini, zəruri hallarda aidiyyəti şəxslərin izahatlarının alınmasını, universitet əməkdaşlarına qarşı təzyiq və hədələmə hallarının araşdırılmasını və müvafiq sənədlərin götürülərək yoxlanılmasını təmin edəsiniz.
Gəncə Dövlət Universitetində baş verən bu halların obyektiv araşdırılması yalnız qanun pozuntularına yol vermiş şəxslərin məsuliyyətə cəlb edilməsi baxımından deyil, həm də universitetdə sağlam təhsil mühitinin bərpası, müəllimlərin hüquqlarının qorunması, tələbələrin keyfiyyətli təhsil alması və dövlət vəsaitlərinin səmərəli istifadəsinin təmin edilməsi baxımından mühüm əhəmiyyət daşıyır.

TEREF

Bakunews.tv
Xəbəri necə qiymətləndirirsiniz?