Mingəçevir Şəhər Mərkəzi Xəstəxanasının Ginekologiya və Doğum şöbəsinin müdiri, həkim mama-ginekoloq Sevinc Allahverdiyeva tibb müəssisəsinin direktoru Ülfət Qurbanov tərəfindən qanunsuz olaraq işdən çıxarıldığını iddia edir.
S.Allahverdiyeva Teleqraf-a açıqlamasında Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndi ilə vəzifəsindən azad edilməsindən narazı olduğunu bildirib.
Onun sözlərinə görə, bu maddə işçinin əmək vəzifələrini kobud şəkildə pozması, işə davamlı gecikməsi, iş yerində nizam-intizamın pozulması və əmək müqaviləsində nəzərdə tutulan öhdəliklərin kobud şəkildə pozulması kimi halları nəzərdə tutur. Lakin S.Allahverdiyeva öz fəaliyyətində belə pozuntulara yol vermədiyini və işdən çıxarılmasının əsassız olduğunu deyib. O qeyd edib ki, bu maddə ilə işdən azad etmə ciddi hüquqi əsaslar və sübutlar tələb edir.
S.Allahverdiyeva məsələ ilə bağlı hüquq-mühafizə orqanlarına, həmçinin TƏBİB-ə rəsmi müraciət edib.
“Əmək Müfəttişliyinə də müraciət etmişdik. Araşdırma aparılıb və Ülfət Qurbanovun məni qanunsuz olaraq işdən çıxardığı barədə akt yazılıb. İşə bərpa olunma ilə bağlı bildiriş verilib. Ancaq hələ də işə bərpa edilməmişəm.
Xəstəxana direktorunun məndən rüşvət tələb etməsi ilə bağlı əlimdəki sübutları TƏBİB-ə də göndərmişəm. Təəssüf ki, heç bir reaksiya yoxdur. Hər doğuşdan 20 manat, hər qeysəriyyə əməliyyatına görə isə 50 manat pul verməyimi istəyirdi. Mən də vermədim, dedi ki, pul vermirsənsə, səninlə belə işləməyəcəyəm. Qəti bildirdim ki, rüşvət verməyəcəyəm. Dedi ki, çıxmağıma 1 gün qaldığını bilsəm də, səni işdən çıxarmamış özüm işdən çıxmayacam. Xəstəxana hədə-qorxu ilə idarə olunur. Guya Həmkarlar İttifaqının qərarını əsas tutub. Həmkarlar İttifaqında da məsələ qaldırıldı, nə onlar, nə də Tibbi Şura Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndi üçün heç bir əsas tapmadı. Ülfət Qurbanov dedi ki, işdən çıxarıram, çünki belə istəyirəm”, - deyə bildirib.
Məsələ ilə bağlı Teleqraf-ın sorğusuna cavab olaraq Dövlət Əmək Müfəttişliyi Xidmətindən bildirilib ki, vətəndaş Allahverdiyeva Sevinc Rəhman qızının Mingəçevir şəhər Mərkəzi Xəstəxanasında əmək hüquqlarının pozulması ilə bağlı 27.11.2025-ci il tarixli müraciətinə Dövlət Əmək Müfəttişliyi Xidmətinin Mərkəzi Aran regional şöbəsində baxılıb.
Məlumata görə, araşdırma zamanı müəyyən edilib ki, onun əmək müqaviləsinə ötən ilin dekabrın 2-də Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndi ilə xitam verilərkən Məcəllənin 80-ci maddəsinin tələbləri (Həmkarlar İttifaqının qabaqcadan razılığı) pozulub, həmçinin Həmkarlar İttifaqı şurasının qərarı nəzərə alınmayıb.
“Buna görə xəstəxananın direktoru Ülfət Qurbanov barəsində İnzibati Xətalar Məcəlləsinin 192.6-cı maddəsinə əsasən inzibati xəta haqqında protokol tərtib edilib və 16.01.2026-cı il tarixli qərarla şərti inzibati cərimə tətbiq olunub. Hüquqpozmanın 30 gün müddətində aradan qaldırılması tələb edilib.
Xəstəxanaya əmək müqaviləsinə xitam verilməsi barədə əmrin ləğv edilməsi və məcburi iş buraxma müddəti üçün əməkhaqqı ödənilməklə vəzifəyə bərpa olunması barədə göstəriş məktubu göndərilib.
Qanunvericiliyə əsasən, hüquqpozma müəyyən edilmiş müddətdə aradan qaldırılarsa, cərimə ödənilmir. Əks halda cərimə ödənilməlidir və bu, hüquqpozmanın aradan qaldırılması öhdəliyini istisna etmir”, - məlumatda qeyd olunub.
TƏBİB-dən isə sorğumuza cavab olaraq bildirilib ki, məsələ araşdırılır.
Bakunews.tv