İnternetdə terrorçu və cihadçı ritorikanı mütəmadi izləyən Yaxın Şərq Media Tədqiqat İnstitutu (MEMRI) Azərbaycana qarşı təhdidlərin dərc olunduğunu bildirib. Musavat.com bildirir ki, institutun məlumatına görə, bu təhdidlər İraqdakı şiə qrupları ilə əlaqəli Telegram kanallarında edilir. Qeyd olunur ki, İranın dəstəklədiyi silahlı qruplar ABŞ-ın Tehrana qarşı hərbi əməliyyatlara başlaması halında Azərbaycandakı “Hüseynyun” fraksiyasının aktivləşəcəyi və "ABŞ və İsrailin maraqlarına qarşı zərbələr endirəcəyi" iddiası ilə bəyanatlar yayır (Haqqin.az).İran İraqda bir sıra radikal şiə qruplarını, o cümlədən “Həşd əl-Şabi”ni dəstəkləyir və maliyyələşdirir. Bu təşkilat onların arasında ən güclüsü hesab olunur və 2014-cü ildə İŞİD-lə mübarizə aparmaq üçün yaradılıb. Bu gün “Həşd əl-Şabi” İraq təhlükəsizlik sisteminə xeyli dərəcədə inteqrasiya olunsa da, “Kataib Hizbullah”, “Bədr” və digərləri kimi bir çox şiə qrupları müstəqil fəaliyyət göstərməyə davam edir.
Yanvarın əvvəlində İran rejimi qonşu ölkədəki radikal şiə qruplarından minlərlə döyüşçünü səfərbər edib və onlardan xalq etirazlarını qəddarcasına yatırmaq üçün istifadə edib. Bu qruplar birbaşa SEPAH və onun Qüds Qüvvələri tərəfindən “Müqavimət Oxu”nun bir hissəsi kimi idarə olunur.
SEPAH tərəfindən yaradılan Azərbaycandakı “Hüseyniyun” qrupu da şəriət rejimi qurmaq planlarına xidmət edib. Lakin son illərdə Azərbaycan təhlükəsizlik xidmətləri bu təşkilatı faktiki olaraq məhv edib və onun bir çox fəalı həbs olunub. Bundan əlavə, rəsmi Bakı dəfələrlə öz ərazisinin İrana qarşı hərbi əməliyyatlar üçün istifadəsinə icazə verməyəcəyini bildirib. Buna baxmayaraq, həm ötən yay İsrailin hava hücumları zamanı, həm də ABŞ-ın hərbi qüvvələrini bölgəyə cəmləşdirməsi fonunda İran dairələri müharibə vəziyyətində Azərbaycan da daxil olmaqla, qonşu ölkələrdə “ABŞ və İsrailin maraqlarına qarşı zərbələr endiriləcəyini” bəyan edir...
Bəs bu qəbil hədələr nə dərəcədə ciddidir?
Hərbi ekspert Ramil Məmmədli Musavat.com-a şərhində Azərbaycanla bağlı hibrid təhdidlər olduğunu bildirib. Onun sözlərinə görə, İran rəsmiləri də müharibənin sərhədləri aşacağı ilə hədələyir, lakin son hadisələr Azərbaycanın qonşusuna münasibətdə necə səmimi, dürüst olduğunu bir daha sübut etdi. "İranda gərgin günlərdə cənab Prezident Pezeşkiana zəng etdi, İran xarici işlər nazirinin müavini Bakıya gəldi, rəsmi Bakı narahatlığını ifadə etdi... Yəni İrana hücum olarsa, Tehran bizdən ona qarşı addım gözləməməlidir. Əvvəla, Azərbaycan əsla koalisiyada yer almaz. İkincisi, İranda milyonlarla azərbaycanlı yaşayır, biz niyə ABŞ üçün plasdarm olmalıyıq? Bu fikirlər cəfəngiyatdır. Ona görə İrana bağlı proksi qrupların təhdidləri səslənir", - deyə hərbi ekspert vurğulayıb.
R. Məmmədlinin fikrincə, hibrid və əsəb müharibəsi gedir: "İrana bağlı silahlı qrupların təhdidləri bizi qorxutmur. Azərbaycan təhlükəsizliyini təmin edən bir ölkədir. Bakıda son əməliyyatda səfirlikdə terror planlaşdıran qrup ələ keçirildi. Bu da xüsusi xidmət orqanlarının ayıq-sayıqlığını göstərir. Odur ki, Azərbaycanı ABŞ və İsraillə olan əlaqələrə görə proksi qüvvələrin təhdid etməsi və İranın xain ssenarilər qurması niyyəti varsa, bu, Tehranın zərərinə olacaq".
Qeyd edək ki, “Hüseyniyyun”un bu ölkədə təhsil alan tələbə azərbaycanlıların özlərinin yaratdığı humanitar ictimai təşkilat olduğunu və İran dövləti ilə hər hansı əlaqələrinin olmadığını iddia etsə də, Azərbaycan-İran münasibətlərinin gərginlik tempinə uyğun olaraq “Hüseyniyyun”un gah aktivləşdirilməsi, gah geri çəkilməsi, rəhbər şəxslərinin SEPAH-ın xüsusi nəzarəti altında qorunması, onlara şiəçilik çətiri altında İran təbliğatının aparılması üçün hər cür şəraitin yaradılması, eləcə də Azərbaycandakı təxribatçı-pozucu fəaliyyətlərinə dair çoxlu təkzibedilməz sübut bu təşkilatın açıq şəkildə İran dövləti tərəfindən himayə və idarə olunduqlarını ortaya qoyur…
Bakunews.tv