Prezident Aparatının sabiq rəhbəri Ramiz Mehdiyevin ailəsinə məxsus Bank “BTB” fəaliyyətini dayandırır.
Azərbaycan Mərkəzi Bankından (AMB) Musavat.com-a verilən məlumata görə, BTB fəaliyyətini qeyri-bank kredit təşkilatına çevrilməklə davam etmək üçün AMB-yə müraciət edib:
“Azərbaycan Mərkəzi Bankının İdarə Heyətinin 05 mart 2026-cı il tarixli Qərarı ilə, qanunvericiliyə müvafiq olaraq, Bank “BTB” ASC-nin müraciəti əsasında onun bank olmayan kredit təşkilatına (BOKT) çevrilməsi formasında yenidən təşkilinə qabaqcadan razılıq verilib. Qeyd olunan razılıq əsasında, Bank “BTB” ASC tərəfindən BOKT-yə çevrilmə istiqamətində zəruri tədbirlər “Bankların yenidən təşkili haqqında Qaydalar” ilə müəyyən edilmiş prosesə uyğun olaraq Mərkəzi Bankın nəzarəti altında həyata keçiriləcək.
Bu çərçivədə, Bank “BTB” ASC ilə aktivlərinin həcminə görə ölkənin ən iri bankı olan “Azərbaycan Beynəlxalq Bankı” ASC (ABB) arasında “Aktivlərin və passivlərin ötürülməsi haqqında müqavilə” imzalanıb. Bu müqaviləyə uyğun olaraq Bank “BTB” ASC-də müddətli və tələbli depozitləri olan fiziki və hüquqi şəxslərin razılığı ilə onların depozitlərinə qüvvədə olan şərtlər dəyişdirilmədən ABB-də xidmətin davam etdirilməsi, yaxud ABB tərəfindən onların depozitlərinin geri qaytarılması təmin olunacaq. Həmçinin, Bank “BTB” ASC-yə kredit borcu və ya digər öhdəlikləri olan müştərilərə qarşı tələb hüquqları ABB-yə ötürüləcək və ödənişlərin qəbulu ABB tərəfindən həyata keçiriləcək.
Sözügedən məsələlərlə bağlı müştərilərə məlumatlar ABB və Bank “BTB” ASC tərəfindən müvafiq kommunikasiya kanalları vasitəsilə çatdırılacaq”.
AMB-dən bildirilir ki, beləliklə, Bank “BTB” ASC-nin yenidən təşkili bankın kreditorları, o cümlədən əmanətçiləri üçün heç bir təhdid yaratmır.
Bank “BTB” ASC-nin ölkənin bank sisteminin aktivlərində xüsusi çəkisi cəmi 0.6 faiz, kredit portfelində 0.9 faiz, sektorun öhdəliklərində isə 0.6 faiz təşkil edir.
Bakunews.tv