Naxçıvan Taxıl Məhsulları MMC-nin rəhbəri Şakir Tarverdiyev barəsində 4 aylıq həbs-qətimkan tədbiri seçilib. O, dövlətə məxsus 10 ton taxılın mənimsənilməsində ittiham olunur.
Məlumata görə, qərar Naxçıvan Şəhər Məhkəməsi tərəfindən verilib və Şakir Tarverdiyev martın 7-də həbs edilib.
Tarverdiyevin yaxınları isə ittihamın əsassız olduğunu bildirirlər. Onların sözlərinə görə, dövlətə məxsus taxıl Tarverdiyevin rəhbərlik etdiyi MMC-nin anbarlarında saxlanılırdı və həmin məhsulun satılması barədə göstəriş o dövrdə rəhbər vəzifədə olan şəxslər tərəfindən verilib.
Yaxınlarının iddiasına görə, taxılın guya köhnəldiyi əsas gətirilərək satılması və sonradan yenisi ilə əvəz olunması planlaşdırılıb. Lakin onların sözlərinə görə, satılan taxılın pulu mənimsənilib və məsuliyyət isə MMC rəhbərinin üzərinə qoyulub.
Ailəsi və yaxınları həmçinin bildirirlər ki, sahibkara təzyiq göstərilərək onun biznes obyektinin əlindən alınmasına cəhd edilir. Onların iddiasına görə, müxtəlif şəxslər tərəfindən ondan pul tələb olunub və obyektini təhvil verməsi istənilib.
Məsələ ilə bağlı rəsmi qurumların mövqeyi açıqlanmayıb.
Məlumatı Gündəlik Naxçıvan yayıb.