Abşeron rayonunun Masazır qəsəbəsində yerləşən 6 saylı tam orta məktəbdə 8 Mart – Beynəlxalq Qadınlar Günü ərəfəsində hədiyyə məsələsinin müzakirə mövzusuna çevrildiyi iddia olunur. Valideynlərin bildirdiyinə görə, məktəbdə bayram münasibətilə hədiyyə yığımı ilə bağlı narazılıqlar artıb və məsələ məktəb daxilində geniş müzakirə olunur.
İddialara əsasən, Azərbaycan Respublikasının Elm və Təhsil Nazirliyi tərəfindən məktəblərdə pul və ya hədiyyə yığılmasının yolverilməz olması ilə bağlı dəfələrlə edilən xəbərdarlıqlara baxmayaraq, məktəb rəhbərliyi tərəfindən bunun qarşısının alınması istiqamətində ciddi addımların atılmadığı bildirilir.
Məsələ ilə bağlı təhsil ekspertləri də sərt mövqe bildirirlər. Onların sözlərinə görə, məktəblərdə bayram adı ilə hədiyyə və pul yığılması təhsil sistemində yolverilməz haldır.
Ekspertlər qeyd edirlər ki, Elm və Təhsil Nazirliyi tərəfindən bu məsələlərlə bağlı dəfələrlə xəbərdarlıq olunub və məktəbdə hər hansı formada hədiyyə və ya pul yığılması həm etik qaydalara, həm də mövcud təlimatlara ziddir. Belə halların baş verməsi zamanı məktəb rəhbərliyi dərhal müdaxilə etməli və bunun qarşısını almalıdır. Əks halda bu, həm məktəbin nüfuzuna, həm də təhsil mühitinə ciddi zərbə vurur.
Valideynlər isə məsələ ilə bağlı aidiyyəti qurumların araşdırma aparacağını və bu kimi halların qarşısının alınacağını gözlədiklərini bildirirlər.
Qeyd edək ki, məsələ ilə bağlı
Abşeron və Xızı rayonları üzrə Təhsil Sektorunun müdiri
Sənan Xəlilova sorğu göndərilsə də, bu günə qədər rəsmi cavab təqdim olunmayıb.
BAKUNEWS.TV