Gündəm
51
Dünən, 15:03

“Qadınların adı ilə qarayaxma aparılır” – Çirkin kampaniyaya SƏRT ETİRAZ

“Qadınların adı ilə qarayaxma aparılır” – Çirkin kampaniyaya SƏRT ETİRAZ

“Əminəm ki, bu dezinformasiyaların mənbəyi Azərbaycandadır. Kiminsə kimdənsə xoşu gəlmədikdə və ya kiməsə qarşı düşmənçilik bəslədikdə bu cür hallarda məsələ qarayaxma, təhqir, şər və böhtan yolu ilə “həll olunmağa” çalışılır. İş o yerə gəlib çatıb ki, artıq Prezidentin ailəsinə qarşı belə təhdid və şantaj hallarına yol verilir. Bu isə onu göstərir ki, belə şəxslər adi vətəndaşlara qarşı daha ağır addımlar ata bilərlər”.
Musavat.com xəbər verir ki, bu fikirləri millət vəkili Tənzilə Rüstəmxanlı Dövlət Təhlükəsizliyi Xidmətinin keçirdiyi əməliyyat nəticəsində Prezident ailəsini şantaj edən şəxsin saxlanılması və ifşası ilə bağlı açıqlamasında səsləndirib.


Deputat bildirib ki, şantaj və böhtanla məşğul olan şəxslər mütləq cinayət məsuliyyətinə cəlb olunmalıdır:

“Heç kimin başqasını qaralamağa, ona böhtan atmağa haqqı yoxdur. Bəziləri özlərinə sosial şəbəkələrdə “tribuna” yaradaraq gecə-gündüz təhdid və şantaj yolu ilə qazanc əldə etməyə çalışırlar. Bu cür halların qarşısı qətiyyətlə alınmalıdır. Azərbaycanın toxunulmaz milli dəyərləri var və bu cür davranışlar həmin dəyərləri ayaq altına atır. Qadınların bu cür qaralama kampaniyalarında alətə çevrilməsi isə xüsusilə qəbuledilməzdir.

Nə ailə, nə də uşaqlar nəzərə alınır. Bu, bizim cəmiyyətə yaraşan davranış deyil. Bu cür addımlar insanların daxilində nə qədər düşmənçilik olduğunu göstərir. Çünki onlar bütöv bir millətin dəyərlərinə hücum edirlər. Bu, uzun müddətdir davam edən bir kampaniyadır və onun qaynaqları ölkə daxilindədir. Buna qarşı ciddi şəkildə “dayan” demək lazımdır. Mən Dövlət Təhlükəsizliyi Xidmətinə təşəkkür edirəm ki, məsələyə bu qədər ciddi yanaşıb.

Milli Məclisdə də bu istiqamətdə qanunvericilik təşəbbüsləri irəli sürülür. Qarayaxma kampaniyaları aparanlar sərt qanunlarla cəzalandırılmalıdır. Heç kimə insanların həyatını məhv etmək, ailəsini müzakirə mövzusuna çevirmək hüququ verilməyib. Bu, mənəvi terrordur. Biz cəmiyyət olaraq buna qarşı səsimizi ucaltmalıyıq. Qadınlar hədəfə alınmamalıdır. Məqsəd insanları gözdən salmaq, qaralamaq və cəmiyyətin ümumi səviyyəsini aşağı salmaqdır. İnsanların diqqətini böhtan və yalanlara yönəltmək istəyirlər. Bir millətə qarşı bundan böyük düşmənçilik təsəvvür etmək çətindir”.

Bakunews.tv
Top xəbərlər
Gün
Həftə
Ay
Son xəbərlər