Ləğv olunmuş Milli Təhlükəsizlik Nazirliyinin (MTN) İstintaq Baş İdarəsinin hazırda həbsdə olan keçmiş rəisi Mövlam Şixəliyevə 2016-cı ildə təyin olunmuş general pensiyası kəsilib.Bu barədə Gununsesi.info-ya daxil olan məlumatda bildirilir ki, Mövlam Şıxəliyev bununla razılaşmadığı üçün məhkəməyə müraciət edib.
Keçmiş rəisin pensiyasının kəsilməsinə səbəb isə onun general rütbəsindən məhrum edilməsidir.
Şıxəliyev məhkəməyə müraciətində iddia edir ki, 2016-cı ildə o vaxtkı MTN-dən general-mayor rütbəsində ehtiyata buraxılanda ona ömürlük pensiya təyin olunub və ödənişi dayandırıla bilməzdi.
2021-ci ilin aprelində həbs olunan və 12 il azadlıqdan məhrum edilən Mövlam Şıxəliyevin çoxsaylı mənzilləri, bağ evləri, torpaq sahələri də müsadirə olunmuşdu. 2022-ci ilin sentyabrında Bakı Hərbi Məhkəməsində çıxarılan hökmə əsasən, o, general-mayor rütbəsindən və orden-medallardan da məhrum edilmişdi.
Onun apellyasiya şikayəti üzrə məhkəmə başa çatandan və hökm qüvvəyə minəndən sonra – 2023-cü ilin iyulunda Prezident İlham Əliyev Mövlam Şıxəliyevin general-mayor ali hərbi rütbəsindən, 3-cü dərəcəli “Vətənə xidmətə görə” ordenindən, “Vətən uğrunda” və “Hərbi xidmətlərə görə” medallarından məhrum edilməsi barədə sərəncam imzaladı.
Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialının qərarına əsasən, Mövlam Şıxəliyevə 2016-cı ildən təyin edilmiş yaşa görə əmək pensiyası hərbi rütbədən məhrum edilməsi ilə əlaqədar dayandırılıb.
Keçmiş MTN generalı isə bu qərarı əsassız hesab edərək, məhkəməyə müraciət edib.
“Həmin pensiya heç bir səbəbdən dayandırıla və ya azaldıla bilməz. Yalnız inflyasiya tempi nəzərə alınmaqla indeksasiya edilərək, artırıla bilər”, – deyə Mövlam Şıxəliyev məhkəməyə şikayətində yazıb.
O, əlavə edib ki, ailəsində qazanc gətirən şəxs yoxdur və pensiyasının dayandırılması ilə əlaqədar çətin maddi durumda qalıb.
Məhkəmə Mövlam Şıxəliyevin iddiasını təmin etməyib.
Bakunews.tv