Gündəm / Sosial
37
Dünən, 18:20

Masazırda qəbir yerləri satılır? – 1600 manatdan başlayan qiymətlərlə bağlı ciddi iddialar

BAKUnews.tv xəbər verir ki, Masazır qəsəbəsində yerləşən qəbiristanlıqda qəbir yerlərinin ayrılması ilə bağlı vətəndaşlardan yüksək məbləğdə pul tələb olunduğu iddia edilir.

Şikayətçi Z.E. redaksiyamıza müraciət edərək bildirib ki, qəbiristanlıqda yer ayrılması üçün ondan 1600 manat məbləğində ödəniş tələb olunub.

Əməkdaşlarımız tərəfindən aparılan ilkin araşdırma zamanı məlum olub ki, sözügedən ərazidə qəbir yerləri 1600 manatdan başlayaraq 2600 manata qədər dəyişən qiymətlərlə vətəndaşlara təklif olunur.

Məlum olduğu kimi, qüvvədə olan qaydalara əsasən qəbir yerlərinin ayrılması və bu sahədə ödənişlərin məbləği dövlət tərəfindən tənzimlənir və bələdiyyələr yalnız qanunvericiliyin müəyyən etdiyi çərçivədə fəaliyyət göstərməlidir.

İddialara görə, ərazidə “Pənah” kimi tanınan şəxs bələdiyyənin adı ilə vətəndaşlardan pul tələb edir. Hətta telefon danışığında vətəndaşa “Valeh” adlı şəxsə əvvəlcədən avans ödəməsini, daha sonra isə məsələni həll etməyi tövsiyə etdiyi bildirilir.

Digər diqqətçəkən məqam isə ondan ibarətdir ki, əldə edilən məlumatlara əsasən, qəbiristanlığa nəzarətin rəsmi olaraq Eldar adlı şəxsə həvalə edildiyi bildirilir. Lakin faktiki vəziyyətdə bu işlərin Eldar bəy tərəfindən deyil, məhz Pənah adlı şəxs tərəfindən həyata keçirildiyi iddia olunur.

Məsələ ilə bağlı Eldar adlı şəxslə də əlaqə saxlanılıb. O bildirib ki, Pənahın satışa çıxardığı qəbir yerləri onun nəzarət etdiyi əraziyə aid deyil. Onun sözlərinə görə, Pənah göl ərazisini qurudaraq həmin sahədə qeyri-rəsmi şəkildə qəbiristanlıq yaradıb və orada qəbir yerlərini özəl qaydada satışa çıxarıb.

Bu isə əlavə suallar doğurur:
Sözügedən ərazidə qəbiristanlığın yaradılması və orada qəbir yerlərinin satılması hansı əsasla həyata keçirilir?

Məsələ ilə bağlı aidiyyəti qurumların mövqeyi hələlik açıqlanmayıb.

BAKUnews.tv olaraq qarşı tərəfin mövqeyini dərc etməyə hazırıq və mövzunu diqqətdə saxlayacağıq.
Top xəbərlər
Gün
Həftə
Ay
Son xəbərlər