Gündəm
5
Dünən, 16:18

Eldar Mahmudovun oğlunun adı yeni qalmaqalda

Eldar Mahmudovun oğlunun adı yeni qalmaqalda

“Mahmudovçu”lar vaxtilə MTK layihələrində mənzilləri bir qəpik ödəmədən və ya “su qiymətinə” adlarına rəsmiləşdiriblər - o işlərdən biri məhkəmə çəkişməsində...
Keçmiş milli təhlükəsizlik naziri Eldar Mahmudov və onun oğlu Anar Mahmudovun adı son illər Azərbaycanda bir sıra qalmaqallarda hallanır. Həmin qalmaqalların mərkəzində isə MTN dövründə formalaşmış iqtisadi və mənzil şəbəkəsi dayanır. Bu şəbəkənin əsas istiqamətləri - mənzil və torpaq payları, ticarət mərkəzləri, bazarlar və müxtəlif biznes obyektləri - illərdir ki, ictimaiyyətin diqqət mərkəzindədir.

2025-ci ilin mart ayında yenidən gündəmə gələn qalmaqalın başlanğıcı 2006-cı ilə gedib çıxır. “Dolçasaray” MMC-dən verilən məlumata görə, keçmiş nazirin və oğlunun adından bir şəxs Bakıda yerləşən MTK-nın ofisinə gəlib və tikilməkdə olan mənzillərə dair müqavilələr götürüb. Bir neçə gün sonra isə əvvəl Fərhad Məlikov, sonradan Anar Mahmudovun adına tərtib olunmuş müqavilələr MTK-ya təqdim olunub. Lakin ortada rəsmi ödəniş sənədləri - bank çekləri, mədaxil orderləri və protokollardan çıxarışlar - mövcud olmayıb. MTK rəhbərliyi bildirir ki, heç bir ödəniş edilmədən mənzil iddiası qaldırmaq açıq-aşkar mənimsəmə cəhdidir. 2015-ci ildə Eldar Mahmudov vəzifədən uzaqlaşdırıldıqdan sonra Anar Mahmudovun nümayəndələri ödəniş edilmədiyi üçün mənzillərdən imtina etdiklərini bildiriblər, lakin müqavilələr geri qaytarılmayıb. Nəticədə 2020-ci ildə Yasamal Rayon Məhkəməsi həmin müqavilələri ləğv edib, mənzillər başqa vətəndaşlara satılıb. Lakin 2025-ci ildə Anar Mahmudov yenidən məhkəməyə müraciət edərək həmin mənzillərin boşaldılmasını tələb edib. Hazırda üç ailə - o cümlədən körpə uşaqları olan vətəndaşlar - qanuni olaraq aldıqları mənzillərdən çıxarılmaq təhlükəsi ilə üz-üzədir.

“MTN işi”nin daha böyük epizodlarından biri isə Bakının Qaradağ rayonunda yerləşən “Karvansaray” ticarət mərkəzidir. Sahibkarların iddiasına görə, kompleksin tikintisi başa çatmaq üzrəykən MTN əməkdaşları mağazaların böyük hissəsini tələb edib və əks təqdirdə müxtəlif yoxlamalar, saxta borc iddiaları ilə təzyiq göstəriblər. İstintaq materiallarına görə, 20 milyon manatlıq layihənin payları faktiki olaraq MTN qrupunun nəzarətinə keçib. Araşdırmalar göstərir ki, MTN qrupunun təsiri yalnız mənzil və ticarətlə məhdudlaşmır. “Mahmudovçu”lar “8-ci kilometr bazarı”nı, topdansatış anbarlarını, müxtəlif MTK layihələrində mənzilləri 1 qəpik ödəmədən və ya “su qiymətinə” adlarına rəsmiləşdirib mənimsəyirdilər. Torpaq sahələri və kommersiya obyektləri da “mahmudovçu”ların maraq dairəsində idi. Perspektivli ərazilərdə geniş torpaq sahələrinin ələ keçirilməsi də sıradan hala çevrilmişdi. Bütün bu sahələrdə fəaliyyət mexanizmi eyni idi: təzyiq, hədə-qorxu, saxta borclar və “krışa” sistemi vasitəsilə əmlak və paylar ələ keçirilirdi.

Cavad Cavadova xəbərdarlıq edildi Pravda.az

Cavad Cavadov

Tanınmış vəkil Cavad Cavadov “Yeni Müsavat”a deyib ki, Eldar Mahmudovun general rütbəsi daşımış idarə rəisləri, polkovnik rütbəsi daşımış şöbə rəisləri uzunmüddətli həbs həyatı yaşadıqları bir vaxtda, onun azadlıqda qalması suallar doğurur: ""MTN işi"ndə “Dolçasaray”, “Karvansaray” və digər epizodlar yalnız ayrı-ayrı qalmaqallar kimi qiymətləndirilə bilməz. Burada söhbət Azərbaycanın təhlükəsizlik orqanlarının dövlət səlahiyyətlərini geniş iqtisadi maraqlara çevirməsi və sistemli şəkildə formalaşmış cinayətkar şəbəkədən gedir. MTN dövründə dövlət resurslarının və səlahiyyətlərinin özəl maraqlara xidmət etdiyini göstərən bu faktlar hüquqi və iqtisadi mühitin pozulmasının, şəffaflığın olmamasının nəticəsidir. Eldar Mahmudov və Anar Mahmudovun ətrafında formalaşmış şəbəkə yalnız bir neçə mənzil və ticarət obyektindən ibarət deyil. Bu, uzun illər boyunca planlı şəkildə genişlənmiş və müxtəlif sahələri əhatə edən iqtisadi imperiyadır. MTN-in vəzifə səlahiyyətləri, yoxlamalar, saxta borc iddiaları və digər təzyiq mexanizmləri vasitəsilə obyektlərə sahib olmaq üsulu müasir hüquq sistemində qəti qadağan olunmuş əməliyyatlardır. Bu, həm də bir dövlət qurumunun kriminal struktura çevrilməsinin ən açıq nümunəsidir. Ən önəmli məqam isə odur ki, bu şəbəkə yalnız iqtisadi itkilərlə məhdudlaşmayıb. Burada hüquq və ədalət prinsipləri də ayaq altına atılıb. MTK-larda mənzillərin qanunsuz iddia olunması, ticarət mərkəzlərində və bazarlarda sahibkarların təzyiq altında qalıb əmlaklarını itirməsi sıravi vətəndaşların həyatına və hüquqlarına ciddi zərbə vurub. Bu, həm də dövlət orqanlarının funksiyasının pozulmasının cəmiyyətdə yaratdığı uzunmüddətli sosial zərərdir".

Cavad Cavadov deyib ki, hüquqi baxımdan belə halların açılması və istintaq materiallarının ictimailəşməsi cəmiyyət üçün vacib dərsdir: “Sistemli korrupsiya və səlahiyyətlərin sui-istifadəsi yalnız bir neçə ailəni yox, bütün iqtisadi mühiti təhlükə altına qoyur. Hüquqi dövlətin təməl prinsipləri pozulduqda, vətəndaşların əmlak hüquqları, sahibkarlıq mühiti və sosial etimad ciddi risk altına düşür. "Dolçasaray" MTK, “Karvansaray” Ticarət Mərkəzi epizodları eyni zamanda ölkədə şəffaflıq və hesabatlılıq mexanizmlərinin gücləndirilməsinin nə qədər vacib olduğunu göstərir. Dövlət qurumlarının hər bir səlahiyyətini ictimai nəzarət və hüquqi çərçivələr daxilində həyata keçirməsi, iqtisadi və sosial sabitliyin qorunması üçün həyati əhəmiyyət kəsb edir. Nəticə etibarilə, MTN dövründə formalaşmış bu iqtisadi və hüquqi şəbəkə yalnız keçmişin qalığı deyil, həm də gələcəkdə dövlət qurumlarının səlahiyyətlərini sui-istifadədən qorumaq üçün ciddi dərsdir. Cəmiyyət, hüquq-mühafizə orqanları və media birgə şəkildə şəffaflığı təmin etməli, belə mexanizmlərin yenidən formalaşmasının qarşısını almalıdır".

E.MƏMMƏDƏLİYEV,
“Yeni Müsavat”

Bakunews.tv
Top xəbərlər
Gün
Həftə
Ay
Son xəbərlər