Gündəm / Ölkə
1
Bu gün, 17:12

Ramiz Mehdiyevin kürəkəni və nəvəsinin “040” sevdası - FOTOLAR

7 ay, 7 gün əvvəl Prezident Administrasiyasının keçmiş rəhbəri, uzun illər "boz kardinal" ünvanı hesab olunan Ramiz Mehdiyev istintaqa cəlb olundu. Bundan sonra illərlə onun və ətrafının – xüsusilə kürəkəni, "vurub-yıxan əli" olan keçmiş deputat İlham Əlisəftər oğlu Əliyevin adına bağlı çeşidli qanunsuzluqların araşdırılacağına böyük ümidlər vardı. Ramiz Mehdiyev hazırda evində dustaqdır.
Kürəkəni, ailə üzvləri nəinki kölgəyə çəkilmir, əksinə, milyonluq avtomobil kolleksiyaları ilə Bakı küçələrində əzələ-gövdə nümayiş etdirir, sanki hər kəsə meydan oxumaqla qürrələnirlər. Bu günlərdə sosial şəbəkələrdə yayılan İlham və oğlu Hikmət Əliyevlərin Bakı küçələrində hərəkət edən avtomobillərinin fotoları sadə bir həyat tərzinə ironiyadır, ağlasığmaz bir dəbdəbədən xəbər verir. Maraqlıdır ki, bu avtomobillərin demək olar ki, hamısı vahid bir seriya xəttinə - 040 nömrə nişanlarına bağlanıb.

Siyahı kifayət qədər zəngindir və hər birinin qiyməti yüz minlərlə manatla ölçülür:

Mercedes-Maybach S-Class (90-AA-040) - Dövlət seriyasına yaxınlığı ilə seçilən, status rəmzi olan lüks sedan.

Rolls-Royce Ghost/Phantom (10-YY-040) - Dünyanın ən bahalı lüks avtomobillərindən biri.

Mercedes-Maybach GLS (10-AY-040) - Son model ultra-lüks yolsuzluq avtomobili.

Mercedes-AMG G-Class (Gelandewagen) (10-AB-040 və 10-PP-040) - Qara və mat rənglərdə, xüsusi tyuninq olunmuş bir neçə "G-Class".

Bentley Bentayga (10-PP-040) - Eksklüziv idman-lüks krossoveri.

Təkcə bu qarajın ümumi bazar dəyəri milyonlarla manat təşkil edir. Keçmiş bir deputatın və onun gənc övladının bu dərəcədə nəhəng maliyyə resurslarına sahib olması hansı leqal biznesin nəticəsidir? Bu resurslar uzun illər boyu sahibkarlar və dövlətin büdcəsindən müxtəlif yollarla mənimsənilən vəsaitlərin kiçik bir təzahürü deyil?

Mətbuatda və ictimaiyyətdə ən çox rezonans doğuran məqam isə hüquq-mühafizə orqanlarının bu aşkar dəbdəbə qarşısındakı sükutudur. Ramiz Mehdiyevin adı dövlətə xəyanət dosyesində hallanarkən, onun ailəsinin toxunulmazlığı hansı qanunlarla qorunur?

Karantin dövründə xüsusi rejim qaydalarını nümayişkaranə şəkildə pozaraq toy edən və buna görə qısa müddətli həbs həyatı yaşayan kürəkəni üçün sanki qanunlar elə həmin xırda xətalarla bitir. Təkcə Şabran rayonunda sabibkar Mansur İbrahimova qarşı törədilən cinayət – onun 10 milyonlarla manat dəyərində olan biznesinin 5 min 600 manata rəsmiləşdirilərək əlindən alınması, bu cinayətin bu gün də araşdırılmamış qalması da anlaşılmaz suallar sırasındadır. Mehdiyevin, onun kürəkəninin qeyri-qanuni varlanma faktları ortadadır. Ramiz Mehdiyevin kürəkəninin lüks həyatı və sərvəti hüquqi müstəvidə ciddi şəkildə araşdırılmalıdır.

Sadə bir hesablama aparmaqla xalqın, elə sahibkar Mansur İbrahimovun əlindən alınan biznesinin pulları hara gedir sualına cavab axtarmaqda fayda var. Fotoşəkillərdə görünən cəmi 6 avtomobilin ümumi dəyəri minimum 2.5 milyon - 3 milyon manat (təxminən 1.5 - 1.8 milyon dollar) arasındadır. İndi isə gəlin bu qarajın təkcə yanacaq (benzin) talanına baxaq.

Bir maşının günlük benzin xərci orta hesabla 50 manatdır. Bu halda 6 maşının ümumi günlük benzin xərci 300 manat, aylıq benzin xərci isə 9 min manat, illik təkcə benzin xərci 108 min manatdır. Bunun üzərinə avtomobillərin illik sığorta haqlarını, xaricdən gətirilən xüsusi ehtiyat hissələrini, lüks təkər dəstlərini və ayda bir neçə min manat maaş alan xüsusi mühafizəçi-sürücü heyətini də gəlsək, bu qarajın illik saxlanma xərci yüz minlərlə manat edir. Azərbaycanda minlərlə ailənin aylıq dolanışıq büdcəsi (minimum əməkhaqqı 400 manatdır) bu oliqarx övladlarının cəmi bir neçə günlük benzin puluna bərabərdir. Ramiz Mehdiyevin dövlət idarəçiliyində olduğu onilliklər ərzində formalaşan bu kölgə iqtisadiyyatının və qanunsuz varlanmanın bariz nümunəsi olan "040" kolleksiyası, sadə bir avtomobil sevdası deyil. Bu, xalqa və dövlətin apardığı antikorrupsiya siyasətinə qarşı açıq-aşkar bir çağırışdır.

Musavat.com
Ramiz Mehdiyevin kürəkəni və nəvəsinin “040” sevdası - FOTOLAR




Bakunews.tv

Top xəbərlər
Gün
Həftə
Ay
Son xəbərlər