Şərurda şəkər xəstələrinə pulsuz verilməli olan dərmanlar yarımçıq paylanır, qalanı isə apteklərdə satışa çıxarılır. Apteklərdə qiymətlər yüksək olduğundan, bir çox xəstə lazım olan dozanı ala bilmir və bu, onların sağlamlığı üçün ciddi risk yaradır.
Bu barədə “Gündəlik Naxçıvan”a məlumat verən sakinlərin sözlərinə görə, son iki ayda vəziyyət daha da pisləşib. Onlar bildirirlər ki, xəstəxanalar insulinlərin verilməsi ilə bağlı məsuliyyəti bir-birinin üzərinə atır.
Rayonun Aralıq kəndindən olan şəkər xəstəsi M.N. deyir ki, aptekdən baha qiymətə dərman almaq imkanı olmadığından xəstəliyi xeyli ağırlaşıb:
“20 ildən artıqdır ki, şəkər xəstəsiyəm. İnsulinlərimi, dərmanlarımı həmişə dövlətdən almışam. İki aydır ki, iynələrimi kəsiblər, vermirlər. Şərur xəstəxanası deyir ki, Aralıq Mərkəzi Xəstəxanası verəcək, Aralıq da deyir ki, hara gedirsiniz gedin, bizdə bir şey yoxdur. Deyirlər ki, 100 xəstəmiz var, nazirlik cəmi 25 insulin verib. Həkim mənə 3 ədəd NovoRapid, 2 ədəd də Insulat yazıb. İki aydır hərəsindən cəmi 1 ədəd verirlər.
Apteklərdə də od qiymətinədir, ala bilmirəm. Bu səbəbdən xəstəliyim ağırlaşıb. Tək mən deyiləm, rayonda yüzlərlə mənim kimi xəstə var.”
Onun sözlərinə görə, yerli Səhiyyə Nazirliyinə müraciət etsələr də, nəticə olmayıb:
“Bizim dərmanları bizə satıb, cibinə qoyan Səhiyyə Nazirliyidir. Xəstəxanalarda da çox günah görmürük. Nazirlik kifayət qədər dərman versə və nəzarət etsə, heç belə olmaz. Dəfələrlə şikayət etmişik, heç üzümüzə baxan yoxdur. Kimə, hara şikayət edək, bilmirik.”
Digər rayon sakini M. Qurbanov da pulsuz dərmanlarını ala bilmədiyini deyir:
“Xəstəxana deyir, bizlik deyil, nazirlik vermir, get hara istəyirsən şikayət et. Xəstələrin dərmanını satıb yemək insanlıqdan kənar davranışdır. Bu yolla bizi ölümə sürükləyirlər ”
Şikayətçilər aidiyyəti qurumlara müraciət edərək dərmanlarının onlara tam şəkildə verilməsini tələb edirlər.
Bakunews.tv