Jurnalist Elman Eldaroğlu “Facebook” sosial hesabında yazaraq bildirib ki, onun yaşadığı binanın idarəedilməsi və nəzarəti binada mülkiyyət payı olan sakinlərə həvalə edilib. O deyib ki, bu da saxtakarlığa və özbaşınalığa yol açır.
Jurnalist deyib ki, yaşadığı 9-cu mikrorayon, Mir Cəlal küşəsi 143 A binasını Binəqədi-38 MMMC idarə edir:
“Bu MMMC-nin rəhbərliyi qanunvericiliyin tələblərinə uyğun heç bir yığıncaq-seçki keçirmədən, sakinlərə başqa adla imza atdıraraq MMMC-ni 29 mart 2024-cü ildə Ədliyyə Nazirliyində qeyri-kommersiya hüquqi şəxs kimi dövlət qeydiyyatına sala bilib. Bu barədə Ədliyyə Nazirliyinə rəsmi müraciət etsək də, bizə yerli məhkəməyə müraciət etmək tövsiyə olunub. Buradan belə çıxır ki, bir neçə sakin mülkiyyətçilərin yığıncağını keçirmədən digər sakinlərdən imza toplamaqla binanın idarəetməsini asanlıqla ələ keçirə bilər. Çünki qeydiyyata götürən orqan, daxil olan sənədlərin doğruluğunu yoxlamır. Bundan əlavə, artıq iki il beşinci aydır ki, “Binəqədi-38” MMMC VÖEN olmadan fəaliyyət göstərir”.
Dövlət Vergi Xidməti də sorğumuza cavab olaraq “Binəqədi-38” MMMC adlı hüquqi şəxsin dövlət qeydiyyatına alınması barədə məlumatın olmadığını bildirib.
Vergi uçotunda olmayan bir qurumun faktiki olaraq fəaliyyət göstərməsi və sakinlərdən ödəniş toplaması qanunidirmi?
Buna görə kim məsuliyyət daşıyır və hansı cəza tətbiq oluna bilər?
Bu barədə Bizimyol.info xəbər portalına açıqlamasında Konstitusiya Araşdırılması Fondunun prezidenti, hüquqşünas Əliməmməd Nuriyev bildirib ki, səslər sakinlərin sayına görə deyil, onların ümumi əmlakdakı payına uyğun hesablanır: “Son vaxtlar tez-tez çoxmənzilli binaların idarə edilməsi ilə bağlı mübahisələr meydana çıxır. Bu mübahisələr daha çox həmin çoxmənzilli binanı tikən MMMC ilə sakinlər arasında olur, yaxud bir qrup sakinlər arasında olur. Mənim qənaitimcə burada ilk növbədə MMMC -nin yaradılamsının qanuniliyi araşdırılmalıdır. Mənzil Məcəlləsinə görə, belə cəmiyyət yalnız sahə mülkiyyətçilərinin ümumi yığıncağında yaradılır. Qərarın lehinə binadakı ümumi səslərin 50 faizindən çoxuna malik mülkiyyətçilər səs verməlidir. Burada səslər sakinlərin sayına görə deyil, onların ümumi əmlakdakı payına uyğun hesablanır. Məsələn, bir mənzildə 5 nəfər yaşaya bilər, amma bu, bir mülkiyyət payıdır. Ona görə də səslər mənzil mülkiyyətçilərinin payına uyğun hesablanır. Mənzildə neçə nəfərin yaşamasından asılı olmayaraq, mülkiyyətçinin bir səsi olur”.
Əliməmməd Nuriyev vurğulayıb ki, vergi uçotuna alınmadan iki ildən artıq fəaliyyət göstərilməsi Vergi Məcəlləsinin tələblərinin pozulmasıdır: “Yığıncağın mütləq əyani formada keçirilməsi tələb olunmur, qiyabi səsvermə də mümkündür. Ancaq bu halda mülkiyyətçiyə gündəlik barədə əvvəlcədən məlumat verilməli, onun yazılı qərarında mülkiyyət sənədi və hər məsələ üzrə lehinə və əleyhinə, yaxud bitərəf mövqe göstərilməlidir. Sakinlərə başqa məqsəd adı ilə imza atdırıb və həmin imzalar sonradan MMMC-nin yaradılması üçün istifadə olunubsa, bunu qanuni səsvermə hesab etmək olmaz. Amma bu məsələ araşdırılmalıdır. Mənzil mülkiyyətçilərin müştərək cəmiyyəti (MMMC) qeyri-kommersiya hüquqi şəxs kimi Ədliyyə Nazirliyində qeydiyyata alınır. Bundan sonra 30 gün ərzində vergi uçotuna durmalı və VÖEN əldə etməlidirlər. Vergi uçotuna alınmadan iki ildən artıq fəaliyyət göstərilməsi Vergi Məcəlləsinin tələblərinin pozulmasıdır. Uçota alınmaq üçün ərizənin vaxtında verilməməsinə görə İnzibati Xətalar Məcəlləsinə əsasən 40 manat məbləğində sanksiya nəzərdə tutulur. Lakin bununla məsuliyyət bitmir. Hesabatların təqdim edilməməsi, vergilərin, sosial sığortanın və başqa məcburi ödənişlərin hesablanmaması ayrıca borc və maliyyə sanksiyalarının yaranmasına səbəb ola bilər. Bu məsələ artıq araşdırma nəticəsində müəyyən olunacaq”.
Əliməmməd Nuriyev deyib: “Sakinlərin binanın saxlanması və kommunal xidmətlər üçün vəsait toplaması özlüyündə qanunsuz deyil. Mülkiyyətçilər ümumi əmlakın saxlanması xərclərində iştirak etməlidirlər. Çünki binada yaşayırlarsa, əlbəttə, onun saxlanması məsələsi var. Orada liftin saxlanması, həyətin işıqlandırılması, koridorun işıqlandırılması, ümumi kanalizasiya xətti və s. - onların hamısı əmlakın saxlanması xərclərinə daxildir və bu xərclərin ödənilməsində iştirak etməlidirlər. Əks halda, bina bərbad günə düşə bilər.
Bununla belə, pulu toplayan qurumun qanuni səlahiyyəti, ödənişin məbləğini təsdiq edən qərarı, xərc smetası və ödənişi təsdiq edən mühasibat sənədləri olmalıdır”, – deyə hüquqşünas bildirib.
Əliməmməd Nuriyevin sözlərinə görə, : “VÖEN-in olmaması sakinlərin ümumi xərclərdə iştirak etmək vəzifəsini aradan qaldırmır. Amma konkret qurumun həmin vəsaitin toplanmasının və idarə edilməsinin qanuniliyinə ciddi şübhə yaradır. Bu halı avtomatik olaraq qanunsuz sahibkarlıq kimi qiymətləndirmək düzgün olmaz. İnzibati Xətalar Məcəlləsinin 398-ci və Cinayət Məcəlləsinin 192-ci maddələrinin tətbiqi üçün fəaliyyətin gəlir əldə etmək məqsədi daşıyan sahibkarlıq fəaliyyəti olduğu sübuta yetirilməlidir.
MMMC-lərin yalnız binanın saxlanması məqsədilə topladığı ödənişlər adətən sahibkarlıq fəaliyyəti sayılmır. Çünki vəsait daxil olur və xərclərə yönəlir. Yenə də yalnız bina ilə bağlı xərclərə yönəlir.
Əgər qurum qeydiyyatsız şəkildə ödənişli xidmətlər göstərib mənfəət əldə edibsə, 50 min manata qədər gəlir və ziyana görə inzibati, daha yüksək məbləğlərdə isə cinayət məsuliyyəti yarana bilər. 50 min manata qədər məbləğdə inzibati məsuliyyət yaranır, daha yüksək məbləğ olarsa, bu mənfəət hesab edilir. Onda cinayət məsuliyyəti yarana bilər.
İmzaların saxtalaşdırıldığı iddiası təsdiqlənərsə, məsuliyyəti həmin sənədləri hazırlayan və təqdim edən şəxslər daşımalıdır. Sənədin hüquqi xarakterindən asılı olaraq, cinayət məsuliyyətini nəzərdə tutan 320-ci maddə, sakinləri aldatma yolu ilə vəsait ələ keçirilibsə, dələduzluq və ya mənimsəmə ilə bağlı maddələr də tətbiq oluna bilər. Amma belə nəticə yalnız imzaların ekspertizası, maliyyə sənədlərinin araşdırılması və istintaq nəticəsində verilə bilər”.
Əliməmməd Nuriyevin fikrincə MMMC -nin qanun pozuntusuna yol verildiyi sübut olunarsa, onun dövlət qeydiyyatı məhkəmə tərəfindən etibarsız sayıla bilər: “Ədliyyə Nazirliyinin məsuliyyəti isə saxta sənədin təqdim olunmasından avtomatik yaranmır. Qeydiyyat orqanı təqdim edilən sənədlərin qanunun tələblərinə uyğunluğunu yoxlayır. İmzaların həqiqiliyi barədə mübahisə adətən ekspertiza və məhkəmə yolu ilə həll edilir. Ədliyyə Nazirliyinin bunu yoxlamaq imkanı da yoxdur, bunu yoxlamalı da deyil. Sənədlər təqdim olunur, sənədlərin qanuniliyini təsdiq edən protokol, yarıdan çoxunun imzası və s. olur. Qanunvericiliyin tələblərinə uyğun olaraq hazırlanıb, ümumi yığıncaq keçirilib, binanın idarəedilmə strukturları yaradılıb və s. Nazirlik bunları yoxlayır və qanunun tələblərinə uyğundursa, həmin MMMC-ni qeydiyyata alır.
Bununla belə, MMMC yaradılarkən ciddi qanun pozuntusuna yol verildiyi sübut olunarsa, onun dövlət qeydiyyatı məhkəmə tərəfindən etibarsız sayıla bilər. Yəni bunlar özləri etibarsız sayıla bilməz. Əgər sənədlər formal baxımdan hər şey yerində olmaqla təqdim olunursa, Ədliyyə Nazirliyinin bunu yoxlamağa nə resursu, nə də səlahiyyəti var. Onlar bunu yalnız sənədlər üzrə yoxlaya bilərlər. Əgər hesab etsələr ki, saxtakarlıq olub, aidiyyəti üzrə müraciət edə bilərlər. Məhkəmə qaydasında MMMC-nin qeydiyyatı etibarsız hesab edilə bilər.
Sakinlər Ədliyyə Nazirliyindəki qeydiyyat sənədlərinin, ümumi yığıncaq protokolunun, səsvermə vərəqlərinin və nizamnamənin məhkəmə vasitəsilə tələb olunmasına nail olmalıdırlar. Vergi uçotu və toplanmış vəsaitlərlə bağlı, imzaların saxtalaşdırılması şübhəsi üzrə isə Dövlət Vergi Xidmətinə, polisə və ya prokurorluğa müraciət etməlidirlər.
Ümumi yığıncağın qərarından şikayətlə bağlı da məlumat əldə edildiyi gündən 6 aylıq müddətin tutulduğu nəzərə alınmalıdır”.
Əliməmməd Nuriyev əlavə edib: “Burada problem binanın mülkiyyətçilər tərəfindən idarə edilməsi deyil. Bu, qanunun nəzərdə tutduğu normal idarəetmə üsullarından biridir. Əsas məsələ mülkiyyətçilərin hüquqi iradəsinin olub-olmaması, toplanmış vəsaitlərin rəsmiləşdirilməsi və idarəetmənin şəffaf aparılmasıdır”.
Günel Həsənova, Bizimyol.info
Bakunews.tv