Xəbər verdiyimiz kimi, Azərbaycan Milli Antidopinq Agentliyi ağır atletika üzrə milli komandanın üzvü Fazilə İmanovanın analizində qadağan olunmuş "metribolon" maddəsi aşkar edildiyini açıqlayıb. Bu səbəbdən qaydaları pozan gənc idmançıya 3 illik sərt sanksiya tətbiq olunaraq, o, 14 may 2029-cu ilədək bütün rəsmi yarışlardan və milli yığmanın heyətindən uzaqlaşdırılıb.Bu qərar yerli idman ictimaiyyətində əsl bomba effekti yaradıb. Baş verənlər, federasiyanın əvvəlki rəhbərlik dövründə (2013-2017-ci illər) Azərbaycan ağır atletikasının üzləşdiyi və 30-dan çox atletin, o cümlədən dünya və Avropa çempionlarının cəzalandırılması ilə nəticələnən kütləvi dopinq skandallarını yenidən hafizələrdə canlandırır.
Məhz bu səbəbdən son illərdə idarəçiliyin yenilənməsi idman ictimaiyyətində böyük ümidlər doğurmuşdu.
Kamran Nəbizadənin rəhbərliyi altında fəaliyyət göstərən federasiya, nizam-intizam və şəffaflıq prinsipləri ilə Azərbaycan ağır atletikasında yeni ümidlərə və təmiz səhifəyə yol açsa da, bu cür arzuolunmaz hadisənin yaşanması ağıllarda ciddi suallar yaradır. Baş verən bu son hadisə "görəsən, federasiya yenidən o əvvəlki uğursuz dopinq dövrünə və qaranlıq vəziyyətinə geri qayıdır?" sualını və narahatlığını yenidən gündəmə gətirib.
Axı Fazilə İmanova Azərbaycanın qadın ağır atletikasında sadəcə sıradan bir ad deyil, milli yığmanın əsas üzvlərindən və böyük gələcək vəd edən əsas ümid yerlərindən biri hesab olunurdu.
Bəs nə oldu? Qadın ağırlıqqaldıranların sayının onsuz da barmaqla sayılacaq qədər az olduğu bir dövrdə o, öz çəki dərəcəsində liderliyi ələ alaraq komandanın əvəzedilməz simasına çevrilmişdi. İslam Həmrəyliyi Oyunlarında 7-ci, MDB Oyunlarında isə medalın bir addımlığında dayanaraq 4-cü yeri tutmaqla ölkəmizi beynəlxalq səviyyədə təmsil edən İmanova, qadın millimizin əsas güc mənbəyi və gələcək medalların ünvanı sayılırdı.
Körpücük üzərindəki uğurları ilə yanaşı, o, həm də rəngarəng media obrazı ilə tanınırdı.
Onun televiziya proqramlarının birində canlı yayımda öz fiziki gücünü göstərmək üçün kişi müğənnini (Cahid Əlibəyovu) heç bir çətinlik çəkmədən qucağına alaraq studiyada gəzdirməsi və "gözəl qızın ağır atletikada nə işi var" stereotiplərinə qarşı çıxaraq xanımların bu idmanda zərifliyini itirmədiyini müdafiə etməsi günlərlə maqazin gündəmini zəbt etmişdi. Təəssüf ki, beynəlxalq arenalarda böyük ümid bəslənən, respublika çempionatlarında komandanı arxasınca aparan belə bir aparıcı atletin peşəkarlıqdan uzaq addım ataraq dopinqə əl atması həm öz parlaq karyerasına, həm də illərdir bu idman növünü dirçəltməyə çalışan qadın yığmamıza ağır zərbə vurdu. Rekordlar qırmaq əvəzinə, asan yola qaçaraq qadağan olunmuş maddələrdən mədət ummaq, onun böyük hədəflərini və milli komandanın ümidlərini ən azı üç il müddətinə dondurmuş oldu.
Qeyd:
Mütəxəssislərin rəyinə görə, idmançının orqanizmində tapılan metribolon bu günə qədər sintez edilmiş ən güclü və ən toksik anabolik steroidlərdən biri hesab olunur. Tibbi məqsədlər üçün heç vaxt təsdiqlənməyən bu maddə, əsasən əzələ kütləsini sürətlə artırmaq və fiziki gücü maksimuma çatdırmaq üçün gizli şəkildə istifadə edilir. Lakin onun insan sağlamlığına vurduğu ziyanlar olduqca ağır və təhlükəlidir. Metribolondan istifadə qaraciyərdə ciddi toksik zədələnmələrə, ürək-damar sisteminin sıradan çıxmasına və hormonal balansın tamamilə pozulmasına gətirib çıxarır. Qadın idmançılarda isə bu maddə səsin kobudlaşması, bədəndə kişi tipli tüklənmə və sonsuzluq kimi geri dönüşü olmayan ciddi fəsadlar yaradır.
32gun.az
Bakunews.tv