Naxçıvan Muxtar Respublikasında baş verən son kadr dəyişiklikləri və qalmaqallı istefalar fonunda yeni şok təfərrüatlar ortaya çıxmaqdadır.Bu yaxınlarda Musavat.com-a Naxçıvan Muxtar Respublikası Həmkarlar İttifaqları Şurasının sədri Qəzənfər Abdullayevin milyonluq əmlakının geniş siyahısı ilə bağlı xəbərlər daxil olmuşdu. Keçən həftə isə onun səhhətindəki problemləri əsas gətirərək istefa ərizəsi yazdığı və bu məlumatın Həmkarlar İttifaqı tərəfindən təsdiqləndiyi bildirilmişdi.
Lakin Naxçıvandan daxil olan son iddialar məsələnin yalnız səhhət problemi ilə bitmədiyini, pərdəarxasında daha böyük maliyyə və vergi maxinasiyalarının dayandığını göstərir.
Regiondan aldığımız məlumatlar müvafiq dövlət qurumlarının Naxçıvan Həmkarlar İttifaqlarının illərdir yığılıb qalan iri məbləğli vergi borclarına niyə bu qədər laqeyd yanaşdığına işıq salır.
Səslənən iddialara görə, Həmkarlar İttifaqına qarşı nümayiş etdirilən bu “ xüsusi güzəşt”in arxasında şəxsi maraqlar və bahalı hədiyyələr dayanır. Məlumatda bildirilir ki, Qəzənfər Abdullayev Naxçıvan Dövlət Vergi Xidmətinin rəis müavini Anar İbrahimova 77 RB 900 dövlət qeydiyyat nişanlı, “Hyundai” markalı avtomobil hədiyyə edib. Məhz bu “jest”dən sonra Naxçıvan Vergi Xidməti tərəfindən Qəzənfər Abdullayevə və onun rəhbərlik etdiyi quruma “gözün üstə qaşın var” deyən tapılmayıb.
Vergi Xidmət rəisinin müavini - İbrahimov Anar Vaqif oğlu
Bu hədiyyənin vergi xidmətinin rəis müavininə hansı xidmətlərin müqabilində təqdim edildiyi rəsmi olaraq müəmmalı qalsa da, muxtar respublika ictimaiyyəti arasında tamamilə fərqli söhbətlər gəzir. İddia olunur ki, Qəzənfər Abdullayevlə Anar İbrahimovu birləşdirən təkcə hədiyyə avtomobil deyil, həm də ortaq milyonluq biznes şəbəkəsidir.
Həmkarlar İttifaqının tabeliyində olan çoxsaylı müəssisə və obyektlərdə vergi borclarının uzun müddət ödənilməməsi, yoxlamaların dondurulması və yayınmaların görməzdən gəlinməsi birbaşa rəis müavini Anar İbrahimovun açıq himayədarlığı ilə əlaqələndirilir.
Son illər ölkə üzrə, eləcə də Naxçıvanda vergi sisteminin şəffaflaşdırılması, kölgə iqtisadiyyatı ilə mübarizə istiqamətində mütəmadi və ciddi işlər aparılır. Belə bir fonda şəffaflaşma xəttini elan edən Dövlət Vergi Xidmətinin rəhbərliyi öz rəis müavininin bu cür açıq biznes və himayədarlıq fəaliyyətini indiyədək görməyibmi?
İstefa ərizəsi yazmaqla məsuliyyətdən yayınmağa çalışan məmurların və onlara himayədarlıq edən şəxslərin əməllərinə hüquqi qiymət verilib-verilməyəcəyi isə yaxın vaxtlarda bəlli olacaq. Qarşı tərəflərin də mövqeyini dərc etməyə hazırıq.
Bakunews.tv