Bakıda avtobuslar toqquşdu - Sürücü belə xilas edildi (VİDEO)
Bakı şəhəri, Binəqədi rayonu ərazisində baş verən yol-nəqliyyat hadisəsi nəticəsində xəsarət alan şəxslərin vəziyyəti açıqlanıb. Bu barədə Bakunews.tv-yə Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyindən (TƏBİB) məlumat verilib.
"Oktyabrın 17-si saat 06:30-da Respublika Təcili və Təxirəsalınmaz Tibbi Yardım Mərkəzinə Mehdiabad, Balaxanı yolu ərazisindən yol-nəqliyyat hadisəsi ( iki avtobusun toqquşması) səbəbilə çağırış daxil olub.
Dərhal təcili tibbi yardım briqadası çağırış ünvanına cəlb olunub.
Təcili tibbi yardım briqadası tərəfindən yeddi nəfərə (altı kişi, bir qadın) ilkin tibbi xidmət göstərilib və müxtəlif bədən xəsarətləri ilə Sabunçu Tibb Mərkəzinə hospitalizasiya olunub.
Tibb müəssisəsinin Təcili tibbi yardım şöbəsində onların hər birinə zəruri tibbi xidmətlər göstərilib. Hazırda bir nəfərin (kişi) müalicəsi tibb müəssisəsinin Reanimasiya şöbəsində davam etdirilir, vəziyyəti ağırdır.
Bir nəfər (qadın) ixtisaslı tibbi xidmət almaq üçün Kliniki Tibbi Mərkəzə təxliyə olunub. O, tibbi xidmət göstərildikdən sonra ambulator müalicə üçün evə buraxılıb.
Vəziyyəti qənaətbəxş olan beş nəfər (kişi) isə ambulator müalicə üçün evə buraxılıb", məlumatda qeyd olunub.