İdman
19
8-10-2025, 12:06

Borcəli Omar: “Qələbəmi bu dəfə də şəhidlərə ithaf edəcəyəm”

24-26 oktyabr tarixlərində Bakıda keçiriləcək kikboksinq üzrə böyüklər və kadetlər arasında XXIX Azərbaycan çempionatı və birinciliyi öncəsi peşəkar idmançı Borcəli Omar Rəşad oğlu da iştirakçılar sırasındadır. O, yarışda Daxili İşlər Nazirliyinin Daxili Qoşunlarının xüsusi təyinatlıları adından çıxış edəcək.

Aprel ayında Ulu Öndər Heydər Əliyevin 102-ci ildönümünə həsr olunmuş açıq çempionatda və digər nüfuzlu yarışlarda qalib adını qazanan idmançı bu dəfə də qələbə əzmində olduğunu bildirib. Omar Borcəli dəfələrlə olduğu kimi, bu yarışda da qələbəsini Vətən müharibəsində şəhid olmuş 66 xüsusi təyinatlı daxil olmaqla, bütün şəhidlərə ithaf edəcəyini qeyd edib.

Bakunews.az: Gənc idmançı ölkəmizdə idmana göstərilən diqqət və yaradılan şəraitə görə təşəkkürünü ifadə edərək, yarışların yüksək təşkilatçılıq səviyyəsində keçirilməsində Azərbaycan Kikboksinq Federasiyası və Xüsusi Təyinatlı İdman Klubunun rolunu xüsusi qeyd edib.

Omar Borcəli eyni zamanda yarışda iştirakına şərait yaradan və dəstək olan şəxslərə – Daxili İşlər naziri Vilayət Eyvazova, Daxili Qoşunların komandanlığına, Sabunçu Rayon Polis İdarəsinin rəisi Cavid Muradova, 13-cü Polis Bölməsinin rəisi, polkovnik-leytenant Anar Süleymanova təşəkkür edib. Bildirib ki, yarışa hazırlaşmasında Sabunçu RPİ-nin rəhbərliyi və şəxsi heyəti böyük dəstək göstərib.

Borcəli Omar vurğulayıb ki, ölkəmizdə idmanın inkişafı üçün atılan addımlar, keçirilən yarışlar gənclərin bacarıq və vətənpərvərlik ruhunun formalaşmasında mühüm rol oynayır. O, həm fiziki gücü, həm də formalaşmış nitqi və düşüncə tərzi ilə kikboksinq idman növündə ölkəmizin bayrağını yüksəklərə qaldırmaqda israrlıdır.

Bakunews.az olaraq gənc idmançımıza qarşıdan gələn yarışda uğurlar arzulayırıq. İnanırıq ki, o, bu dəfə də qələbə ilə xalqını sevindirəcək və şəhidlərimizin ruhunu şad edəcək.
Son xəbərlər