İdman
7
Bu gün, 20:34

Bakıda keçirilmiş UFC turnirinə satılan bilet sayı açıqlandı

Milli Gimnastika Arenasında keçirilən “UFC Fight Night Baku” turnirinə 11 min bilet satılıb.

Bildirilib ki, turnirə maraq ötən illə müqayisədə xeyli artıb. Biletlər rekord qısa müddətdə tükənib. Ümumilikdə 11 minə yaxın bilet satılıb ki, onların təxminən 40 faizi xarici ölkələrdən gələn azarkeşlərin payına düşüb.

Turniri izləmək üçün dünyanın 72 ölkəsindən azarkeş Bakıya gəlib.

Turnir özü də azarkeşlərin gözləntilərini doğruldub. “UFC Fight Night Baku” çərçivəsində ümumilikdə 13 döyüş keçirilib və onların 9-u vaxtından əvvəl başa çatıb. Parlaq nokautlar, sabmişnlər və yüksək temp sayəsində bu yarış UFC-nin cari ildə təşkil olunan ən baxımlı və yaddaqalan turnirlərindən biri kimi qiymətləndirilib.

“UFC Fight Night Baku” Azərbaycan MMA-sı üçün də tarixi əhəmiyyət daşıyıb. İlk dəfə eyni UFC turnirində dörd azərbaycanlı döyüşçü oktaqona çıxıb. Onlardan üçü qələbə qazanıb. Hazırda UFC-də beş azərbaycanlı döyüşçü çıxış edir və Bakıda keçirilən turnirlərin yeni idmançıların təşkilata cəlb olunmasında mühüm rol oynadığı vurğulanıb.

Ardıcıl ikinci dəfə “UFC Fight Night”a ev sahibliyi edən Bakı artıq London və Paris kimi şəhərlərlə birlikdə təşkilatın Avropa təqvimində mühüm yer tutur. Azərbaycan MDB məkanında, Mərkəzi Asiyada və Cənubi Qafqazda UFC turnirlərinə ev sahibliyi edən yeganə ölkə olaraq qalır. Asiyada isə UFC turnirləri yalnız Çin, BƏƏ, Qətər və Səudiyyə Ərəbistanında keçirilir.

Qeyd edək ki, “UFC Fight Night Baku” turniri iyunun 27-də Milli Gimnastika Arenasında baş tutub. Azərbaycan təmsilçilərindən Tahir Abdullayev braziliyalı Cefferson Nasimentonu, Fərman Həsənov ABŞ təmsilçisi Erik Nolanı məğlub edib. Nazim Sadıxov braziliyalı Mateus Kamiloya uduzub. Gecənin əsas qarşılaşmasında isə Rafael Fiziyev meksikalı Manuel Torres üzərində qələbə qazanıb.

Bakunews.tv
Top xəbərlər
Gün
Həftə
Ay
Son xəbərlər