Oktyabrın 8–11-i tarixlərində III Beynəlxalq Xankəndi Ultramarafonu keçiriləcək.
Gənclər və İdman Nazirliyi, Atletika Federasiyası və Bakı Şəhər Halqası Əməliyyat Şirkətinin birgə təşkilatçılığı ilə keçiriləcək yarışa Qəbələ şəhərindən start veriləcək. İştirakçılar 192 kilometr məsafəni qət edərək Xankəndidə finişə çatacaqlar. Ultramarafonda 5 ölkədən 100 atletin iştirakı gözlənilir.
Yarış dörd mərhələdən ibarət olacaq: Qəbələ–Ağdaş (55 km), Ağdaş–Bərdə (65 km), Bərdə–Ağdam (44 km) və Ağdam–Xankəndi (28 km). Hər mərhələnin qalibləri ayrıca təltif ediləcək, ultramarafonun ümumi qalibləri isə baş mükafata layiq görüləcəklər.
Qeyd edək ki, Xankəndi Ultramarafonu ilk dəfə 2024-cü ildə Xankəndi–Bakı marşrutu üzrə təşkil olunub. 380 km məsafəni əhatə edən yarışda dörd ölkədən 64 atlet iştirak edib. 2025-ci ildə isə ultramarafon Qəbələ–Xankəndi marşrutu üzrə keçirilib və yarışa altı ölkədən 81 atlet qatılıb.
2026-cı ildə üçüncü dəfə təşkil olunan Xankəndi Ultramarafonu yenidən Qəbələ–Xankəndi marşrutu üzrə keçiriləcək.
Bakunews.tv