Nazim Hacıyev rəhbəri olduğu xəstəxanada pasiyenti qəbul etmədilər?
Səkkiz ay əvvəl Akademik Mustafa Topçubaşov adıma Elmi Cərrahiyyə Mərkəzində ayaq barmaqları amputasiya olunan 67 yaşlı qadının digər ayağında qanqren yaranıb
XALQ-ın məlumatına görə, pasiyentin yaxınları iddia edirlər ki, onlar yenidən Mustafa Topçubaşov adıma Elmi Cərrahiyyə Mərkəzinə müraciət etsələr də, həkim Ruslan Əliyev xəstəni qəbul etməyıb, ağır vəziyyətdə olan pasiyent 5 saat təcili tibbi yardım maşınında gözləməli olub.
Mustafa Topçubaşov adıma Elmi Cərrahiyyə Mərkəzinin dəhlizində bununla bağlı görüntülər də çəkilib. Videogörüntü sosial şəbəkələrdə yayılıb və müzakirələrə səbəb olub.
Görüntülərin izi ilə Mustafa Topçubaşov adıma Elmi Cərrahiyyə Mərkəzinə yollandıq. Öyrəndik ki, 67 yaşlı Fatimə Hacıyevanın ayaq barmaqları təxminən 8 ay əvvəl həkim Ruslan Əliyev tərəfindən amputasiya edilib. Hazırda isə xəstənin digər ayağında qanqren yarandığı iddia olunur.
Yaxınlarının sözlərinə görə, vəziyyəti kritik həddə çatan Fatimə Hacıyevanın təcili əməliyyat olunması Mustafa Topçubaşov adıma Elmi Cərrahiyyə Mərkəzində ləngidilir. O da iddia olunur ki, əməliyyatı həyata keçirən həkim də sonrakı mərhələlərdə xəstəni qəbul etməkdən yayınıb.
Fatimə Hacıyevanın qızı Fidan Rəhimova iddia edir ki, məsələ ilə bağlı mərkəzin baş həkimi Nazim Hacıyevə dəfələrlə müraciət etsələr də, xəstənin müalicəsi istiqamətində effektiv tədbirlər görülməyib.
Pasiyentin iddialarına aydınlıq gətirmək üçün həkim Ruslan Əliyevlə görüşmək cəhdimiz baş tutmadı.
Mərkəzin baş həkimi Hazim Hacıyev isə iddialara belə aydınlıq gətirdi: “Yaşlı qadındır, onun ayağında quru qanqren əmələ gəlib. Orada artıq bərpaedici əməliyyat eləmək mümkün deyil. Amma ola bilər ki, biz onun damarını açdıraq ki, ayağını tam itirməsin”.
Nazim Hacıyev pasiyentə mərkəzdə etinasız yanaşılması iddiasını qəbul etmədiyini bildirib. Baş həkim pasiyentin hazırda xəstəxanada müayinəsinin davam etdiyini deyib və əlavə edib ki, müayinələr tam başa çatdıqdan sonra pasiyentlə bağlı qərar veriləcək.
Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir.