"Şamaxı Rayon Mərkəzi Xəstəxanası" Publik Hüquqi Şəxsi yumşaq inventar, yataq ləvazimatları və xüsusi geyimlərin satın alınması ilə bağlı keçirdiyi satınalma müsabiqəsinə yekun vurub.
32gun.az-ın verdiyi məlumata görə, tenderin qalibi "CYBERT" Məhdud Məsuliyyətli Cəmiyyəti seçilib.
Tibbi müəssisə ilə qalib şirkət arasında bağlanan müqavilənin ümumi maliyyə dəyəri 13.888,60 AZN təşkil edir. Bağlanmış müqaviləyə əsasən, MMC xəstəxananın ehtiyacları üçün zəruri olan yumşaq inventarların, yataq dəstlərinin və tibbi heyət üçün xüsusi geyimlərin təminatını həyata keçirəcək.
Diqqətçəkən məqam isə qalib seçilən "CYBERT" MMC-nin əsas fəaliyyət profili ilə bağlıdır. Belə ki, sözügedən şirkət Azərbaycanda daha çox pərdə və jalüzlərin satışı, eləcə də quraşdırılması sahəsində fəaliyyət göstərir və dövlət qurumlarının pərdə-jalüz tenderlərində dəfələrlə qalib olub. Şirkətin tibbi geyim və yataq ləvazimatları təminatı üzrə tenderdə qalib gəlməsi isə suallar doğurur.
Xatırladaq ki, Şamaxı Rayon Mərkəzi Xəstəxanasının direktoru Natiq Tahir oğlu Əliyevdir. Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin (TƏBİB) keçmiş İcraçı direktoru Vüqar Qurbanovun əmri ilə o, 29 iyul 2025-ci il tarixində bu vəzifəyə təyin edilmişdi.
Bakunews.tv