Siyasət
1
Bu gün, 19:56

Naxçıvanda Prezidentin səlahiyyətli nümayəndəliyi dövlət qulluğu sisteminə daxil edildi

Naxçıvan Muxtar Respublikasında Azərbaycan Prezidentinin səlahiyyətli nümayəndəliyinin aparat işçilərinin statusu rəsmən ali dövlət qulluğu təsnifatına daxil edilib, həmçinin səlahiyyətli nümayəndə və müavininin yeni vəzifə maaşları təyin olunub.

Qanuna əsasən, Naxçıvan Muxtar Respublikasında Prezidentin səlahiyyətli nümayəndəsi, onun müavinləri və nümayəndəliyin aparatı rəsmən dövlət qulluğu orqanlarının sisteminə daxil edilib. Yeni tənzimləmə ilə qanunvericiliyə "Naxçıvan Muxtar Respublikasında Azərbaycan Prezidentinin səlahiyyətli nümayəndəsinin köməkçisi" vəzifəsi əlavə olunub. Dəyişikliklər 2026-cı il iyulun 1-dən qüvvəyə minəcək.

Həmçinin, dövlət başçısı "Dövlət qulluğu haqqında" Qanunun tətbiqi və bununla əlaqədar bəzi fərmanlarda dəyişiklik edilməsi barədə Fərman imzalayıb.

Fərmana əsasən, Naxçıvan Muxtar Respublikasında Prezidentin səlahiyyətli nümayəndəsinin vəzifə maaşı 14850 manat, onun müavininin vəzifə maaşı isə 12650 manat olaraq təsdiqlənib. Bununla əlaqədar, dövlət qulluğunun inzibati və yardımçı vəzifələri üzrə əməyin ödəniş səviyyələrində müvafiq struktur dəyişiklikləri aparılıb.

Sənədlə "İnzibati və yardımçı vəzifələrin Təsnifat Toplusu"na edilən əlavələrə uyğun olaraq, Naxçıvan Muxtar Respublikasında Prezidentin səlahiyyətli nümayəndəliyində şöbə müdiri, şöbə müdirinin müavini, nümayəndənin köməkçisi, həmçinin sektor müdiri, baş məsləhətçi, böyük məsləhətçi, aparıcı məsləhətçi və məsləhətçi vəzifələri inzibati təsnifata daxil edilib. Eyni zamanda, toplunun bəzi köhnə bəndləri qüvvədən düşüb.

Nazirlər Kabineti qanunvericilik aktından irəli gələn digər məsələləri həll etməlidir.

Fərman 2026-cı il iyulun 1-dən qüvvəyə minəcək.
Bakunews.tv
Top xəbərlər
Gün
Həftə
Ay
Son xəbərlər