Son günlər sosial şəbəkələrdə yayılan “Ceyranım” ifası ətrafında yaranan qalmaqal artıq sıradan bir musiqi müzakirəsi deyil. Bu, açıq şəkildə cəmiyyətin estetik zövqünə, milli-mənəvi dəyərlərinə və Azərbaycan dilinə qarşı edilən hörmətsizlik nümunəsidir. Təəssüf doğuran məqam isə budur ki, bəzi şəxslər bu cür bayağılığı bilərəkdən təqdim edir və bunu “sənət” adı altında ictimaiyyətə sırımağa çalışır.
“Alyans.media” xəbər portalının redaktoru, jurnalist Emil Müzəffərli də məsələ ilə bağlı sərt mövqe nümayiş etdirərək bildirib ki, bu kimi ifalar nə musiqidir, nə də sənət:
“Bu ifa ilə bağlı dövlət qurumları tərəfindən ciddi tədbir görülməlidir. Özünü ifaçı adlandıran Kəmalə Günəşliyə ciddi xəbərdarlıq edilməli, lazım gələrsə cəzalandırılmalıdır. Bu musiqi həm cəmiyyətə, həm də Azərbaycan dilinə qarşı açıq hörmətsizlikdir. Vurğuların düzgün qoyulmaması, bayağı ifadələr və məqsədli şəkildə qalmaqal yaratmaq cəhdi artıq qəbul edilə bilməz.”
Bu gün sosial şəbəkələrdə yayılan hər bir məzmun təkcə böyüklərə deyil, eyni zamanda azyaşlılara da təsir edir. Belə bir şəraitdə bu cür səviyyəsiz ifaların geniş auditoriyaya təqdim olunması ciddi nəticələr doğura bilər.
Formalaşmaqda olan gənc nəsil bu kimi nümunələrdən hansı tərbiyəni, hansı dəyəri götürəcək? Bu sual artıq cəmiyyət qarşısında açıq qalır.
Ən təhlükəli tendensiya isə bəzi ifaçıların məhz qalmaqal üzərindən populyarlıq qazanmağa çalışmasıdır. Loru dildə desək, diqqət çəkmək üçün “cəmiyyətə yapışdırmaq” niyyəti açıq şəkildə hiss olunur. Amma bu yol nə sənətə xidmət edir, nə də cəmiyyətə. Əksinə, bu, ümumi zövqün deqradasiyasına gətirib çıxarır.
Cəmiyyət olaraq bu cür hallara qarşı daha sərt mövqe ortaya qoyulmalıdır. Keyfiyyətsiz və bayağı məzmunun yayılmasına göz yummaq əslində onun genişlənməsinə şərait yaratmaq deməkdir. Dövlət qurumları da bu məsələyə laqeyd qalmamalı, ictimai maraqları və milli dəyərləri qorumaq üçün konkret addımlar atmalıdır.
Nəticə etibarilə, “Ceyranım” qalmaqalı bir daha göstərdi ki, reytinq naminə hər şeyə icazə verilməsi cəmiyyət üçün ciddi təhlükədir. Sənət adı altında təqdim olunan bu kimi nümunələrə qarşı həm ictimai, həm də institusional səviyyədə ciddi və prinsipial mövqe sərgilənməlidir.