Xalq artisti Alim Qasımovun müğənni Üzeyir Mehdizadə ilə birlikdə “Bu dünyanın nəyindən narahatsan” mahnısını ifa etməsi müzakirələrə səbəb olub.
Şair-publisist Arzu Əsəd bu ifanı kəskin tənqid edərək, Alim Qasımovun illərlə qazandığı sənət zirvəsindən aşağı endiyini bildirib.
“Alim Qasımovu Füzuli ucaltdı, Üzeyir Mehdizadə endirdi. Adam yüksəldiyi ucalıqda duruş gətirə bilmədi”, – deyə şair yazıb.
Arzu Əsəd hesab edir ki, sənətkar çatdığı məqamda dayanmalı deyil, həmin zirvədə qala bilmək üçün daim inkişaf etməli və yüksəlməlidir:
“İnsan hər hansı çatdığı məqamda durursa, dayanırsa, bunun ardınca düşüş gəlir. Alim Qasımov da düşdü”.
Şair Alim Qasımovun Məhəmməd Füzulinin məşhur qəzəlinə müraciət etdiyi dövrlə indiki ifası arasında müqayisə aparıb:
“Ney kimi hər dəm ki, bəzmi-vəslini yad eylərəm,
Ta nəfəs var quru cismimdə fəryad eylərəm”.
Arzu Əsədin fikrincə, Alim Qasımov bu qəzəli oxuduqda həqiqi sənət nümunəsini yaşayır, ifa edir və xalqa çatdırırdı. O, bir şəxsiyyət kimi Füzuli şeirindəki məna və hikmətə, metaforik və metafizik dərinliyə qarışır, sənətləşir, poetikləşir, “füzuliləşir” və yüksəlirdi.
“İndi isə o, o boyda mərtəbədən düşüb Üzeyir Mehdizadələşdi, ‘Bu dünyanın nəyindən narahatsan’ oxudu”, – şair vurğulayıb.
Arzu Əsəd “Nə olsun ki, oxudu, oxudu da” yanaşmasını da qəbul etmir. Onun qənaətincə, Alim Qasımov bu mahnını oxumamalı idi. Çünki təqdim edilən mətndə sənət və poeziya adına heç nə yoxdur:
“Bir dənə də obraz, metafora, alt fikir, poetik düşüncə yoxdur. Adi, çılpaq, bayağı cümlələrin hecalanaraq alt-alta düzülməsindən başqa heç nə yoxdur. Belə, sənət olmayan cümlələrin daxili enerjisi və potensialı da olmur. Onu bağıraraq oxuyanda ortada yalnız bağırtı qalır. Bir də oxuyanın yerinə utanmaq hissindən yaranan sıxıntı…”
Şair-publisist yazır ki, insanı səsin yüksəkliyi deyil, sənətin daxilindəki metaforik enerjinin gücü ucaldır. Səs yüksəldikcə dinləyicini də yüksəldən məhz həmin enerjidir.
Onun fikrincə, Alim Qasımovun Füzuli qəzəlini oxuyarkən yaratdığı təsirin sirri də bundadır:
“‘Ney kimi… hər dəm… yad eylərəm… Ta nəfəs var quru cismimdə fəryad eylərəm’ deyə səsini yüksəltdikdə dinləyicinin qəlbində və idrakında o metafora lay-lay açılır. Odda bişirilmiş qamış parçası olan, səs çıxarması üçün deşik-deşik edilən neyin sızıltısı ilə həyatın əzablarında bişib deşik-deşik olan insandan hər nəfəsində çıxan fəryad assosiasiya olunur”.
Arzu Əsəd bildirir ki, hər bir dinləyicinin qəlb və idrak səviyyəsindən asılı olaraq bu məna assosiasiyaları sonsuza qədər dərinləşir. İnsan ruhunun həmin sözləri musiqi müşayiəti ilə eşidərkən yüksəlməsi də məhz bununla bağlıdır.
Şair daha sonra Üzeyir Mehdizadənin ifa etdiyi mahnının sözlərinə diqqət çəkib:
“Hər şeyin üstündə yaman əsirsən,
Tezləşdirmək üçün nəfəs kəsirsən,
Ömür gedir, ölümçün tələsirsən,
Yaxınların gəlib basdırır,
Bu dünyanın nəyindən narahatsan…”
Arzu Əsəd sual edir ki, bu misralarda hansı poetik enerji var və Alim Qasımov onları bağıraraq oxumaqla öz ruhunu, eləcə də dinləyicilərin ruhunu hansı yüksəkliyə qaldıra bilər?
“Füzuli şeirində qartal kimi ənginliklərə yüksələn Alim Qasımov bu misralarda ev quşu kimi heç qonşu çəpərinə də qanad çala bilmir”, – deyə o qeyd edib.
Şairin fikrincə, Alim Qasımov Üzeyir Mehdizadə ilə oxuya bilərdi. Lakin bu əməkdaşlıq kütlə zövqünün şərtləri ilə deyil, yüksək sənətin tələbləri ilə baş tutmalı idi:
“Alim Qasımov deməli idi ki, bala, gəl oxuyaq. Mən Alim Qasımovam, bu xalqın sənət aləmində müəyyən mövqe qazanmışam, insanlar məni hal və zövq əhli kimi tanıyır. Oxuyacağıqsa, bu mənasız mətni bir tərəfə ataq, klassikadan, folklordan və ya həqiqi poeziya yaradan müasir şairlərimizdən nəsə oxuyaq”.
Arzu Əsədin qənaətincə, Üzeyir Mehdizadə Alim Qasımovu kütləvi reytinq müstəvisinə çəkirdisə, Alim Qasımov da onu yüksək sənətin ucalığına qaldırmalı idi:
“Nə yazıq ki, tərsinə oldu”, – deyə şair-publisist fikrini yekunlaşdırıb.
Bakunews.tv