Araşdırma
9
Dünən, 20:42

Saleh Səmədov 8 il müddətinə azadlıqdan məhrum edildi

İmişli Rayon Ağsaqqallar Şurasının keçmiş sədri Saleh Səmədovun cinayət işi üzrə məhkəmə iclası keçirilib.
Teleqraf-ın xəbərinə görə, Bakı Ağır Cinayətlər Məhkəməsində keçirilən prosesdə Saleh Səmədovun vəkili Ceyhun Məmmədov məhkəmə istintaqınn yenilənməsini və ziyanın tam ödənilməsi ilə bağlı sənədlərin cinayət işinə əlavə olunmasını istəyib.

Hakimlər məhkəmə istintaqının yenilənməsi barədə qərar qəbul ediblər.

Daha sonra dövlət ittihamçısı Fuad Musayev əvvəlki çıxışında etdiyi mövqeyində qaldığını, həmin çıxışla bağlı qərar qəbul olunmasını məhkəmədən xahiş edib.

Hakimlər heyəti Saleh Səmədovun yaxınları tərəfindən ziyanın tam ödənilməsi barədə sənədləri cinayət işinə əlavə ediblər. Daha sonra məhkəmə istintaqının tamamlanması barədə qərar qəbul olunub və çıxışlar başlanıb. Dövlət ittihamçısı əvvəlki mövqeyində qaldığını deyib, çıxışına uyğun ədalətli qərar qəbul olunmasını istəyib.

Saleh Səmədovun vəkili müdafiə çıxışında müvəkkilinə elan olunmuş Cinayət Məcəlləsinin 179.3.2-ci maddəsi üzrə ziyanı tam ödədiyi üçün cinayət işinə xitam verilməsini istəyib. Əlavə edib ki, Saleh Səmədovun ittiham olunduğu Cinayət Məcəlləsinin 308.1-ci maddəsi üzrə dövlət ittihamçısı 2 il azadlıqdan məhrumetmə cəzası təklif edib. Vəkil müvəkkilinə həmin maddə üzrə təyin olunan cəzanın həbsdə qaldığı müddətlə hesablanılmasını və onun məhkəmə zalından azadlığa buraxılmasını xahiş edib.

Saleh Səmədov son söz deyib, barəsində ədalətli qərar qəbul edilməsini istəyib.

Bundan sonra müşavirə keçirən hakimlər hökm elan edib. Hökmə əsasən, Saleh Səmədov 8 il müddətinə azadlıqdan məhrum edilib.

Bundan əvvəlki iclasda dövlət ittihamçısı Saleh Səmədovun 9 il müddətinə azadlıqdan məhrum edilməsini istəmişdi.

Qeyd edək ki, Saleh Səmədov külli miqdar təşkil edən 200 min manatın mənimsənilməsində ittiham olunub. Bu məbləğin 44 min manatı hələ ilkin istintaq dövründə ödənilib. Qalan hissə isə məhkəmə dövründə tam bağlanıb. Səmədovun oğlu atasının cinayət məsuliyyətindən azad edilməsi üçün dəymiş ziyanın 50 faizi (100 min manat) məbləğində dövlət rüsumunu da ödəyib.

Xatırladaq ki, Saleh Səmədov Cinayət Məcəlləsinin 179.3.2 və 308.1-ci maddələri ilə ittiham olunub.

Saleh Səmədov Dövlət Təhlükəsizliyi Xidməti tərəfindən həbs edilib.

İttihama görə, Saleh Səmədov cinayət baş verən dövrdə tutduğu vəzifədən istifadə edərək ümumilikdə 200 min manat vəsaiti mənimsəyib.
O, həmçinin ötən il mayın 13-də İmişli Rayon Ağsaqqallar Şurasının sədri vəzifəsindən azad edilib.

Bakunews.tv
Son xəbərlər