Cəmiyyət / Ölkə
22
Dünən, 12:43

Gömrükdə yığılan pullar uğrunda SAVAŞA QALXIBLAR... - İTTİHAM VAR...

Məmurların Sədərək gömrüyündəki gəlir davası sərhədi keçənlərin başında çatlayıb. Mübahisə Naxçıvan tərəfdəki keçid məntəqəsi ilə Türkiyənin Dilucu gömrük qapısı arasında işləyən mikroavtobusun fəaliyyətinin dayanmasına səbəb olub.
İndi insanlar yükləri ilə iki kilometrdən çox yolu piyada getməyə məcbur qalırlar. Bu marşrutda işləmiş sürücülərin sözlərinə görə, gediş haqqı bir manat idi və hər gün minlərlə insan daşınırdı.

Sürücülər iddia edirlər ki, yığılan gediş haqları rəsmiləşdirilmədən gömrükdəki vəzifəli şəxslərə çatırdı. Onların sözlərinə görə, AYNA Naxçıvanda fəaliyyətə başladıqdan sonra həmin gəlirə nəzarət etmək istəyib və gömrük qurumu ilə arasında mübahisə yaranıb.

Marşrutun dayanması xüsusilə Türkiyəyə müalicəyə gedən xəstələri və yaşlı insanları çətin vəziyyətdə qoyub. Şərur sakini Vaqif Məmmədov deyir ki, müalicə üçün hər ay İğdıra gedir, amma iki kilometrlik yolu piyada keçməkdə çətinlik çəkir:

“Yaşlı və xəstə adamam. Ayda bir dəfə müayinə və müalicə üçün İğdıra getməliyəm. Bu yolu gedib-qayıtmaq mənim üçün zülmdür. Neytral zonaya taksi də buraxmırlar. Yolu başa vurana kimi bəlkə 15 dəfə oturub dincəlirəm. Belə olmaz axı. İki dövlət qurumunun gəlir davası xüsusilə mənim kimi xəstə və yaşlı insanlara əziyyət verir”.

Naxçıvanda oxuyan tələbə Hüseyn Çetin isə hər həftə sonu İğdırdakı evlərinə gedib-gəlir. O deyir ki, mikroavtobusun dayanması hər səfərini çətinləşdirib:

“Gedib-gələndə özümüzə lazım olan əşyaları daşıyırıq. Hər dəfə taksi tutmaq çox baha başa gəlir. Az yükü olanlar üçün mikroavtobus daha sərfəli idi. İndi ya çantamızı götürüb iki kilometr piyada gedirik, ya da bizi aparacaq bir maşın gözləyirik. Hər iki halda vaxt itiririk”.
"Gündəlik Naxçıvan"


Bakunews.tv
Son xəbərlər