SON DƏQİQƏ
Bakunews.tv » Araşdırma » Rövşən Əsgərovun cinayət işi məhkəməyə göndərildi – Qiyabi mühakimə olunacaq

Rövşən Əsgərovun cinayət işi məhkəməyə göndərildi – Qiyabi mühakimə olunacaq

19.11.2026 18:38 17
"Nə? Harada? Nə zaman?" televiziya oyununun keçmiş iştirakçısı Rövşən Əsgərovun cinayət işi üzrə məhkəmə prosesi qiyabi qaydada keçiriləcək.
Musavat.com xəbər verir ki, işə Moskvanın İkinci Qərb Dairə Hərbi Məhkəməsində baxılacaq. Bu barədə məhkəmə instansiyasının mətbuat xidməti məlumat yayıb.
Məhkəmənin mətbuat katibi bildirib ki, Rövşən Əsgərov barəsində olan cinayət işinin materialları artıq məhkəməyə daxil olub və qiyabi baxılması üçün hakimə təqdim edilib: "Məhkəmə iclasının tarixi hələlik təyin edilməyib".

Rusiya Federasiyası ərazisində barəsində qiyabi həbs qətimkan tədbiri seçilən və beynəlxalq axtarışa verilən Rövşən Əsgərova qarşı bir neçə ağır maddə ilə ittiham irəli sürülüb. O, Rusiya Cinayət Məcəlləsinin 205.2 (terror fəaliyyətinə açıq çağırışlar), 207.3 (Rusiya Silahlı Qüvvələrinin istifadəsi ilə bağlı bilərəkdən yalan məlumatların yayılması), 354.1 (nasizmin reabilitasiyası) və 282-ci (nifrət və ya düşmənçiliyin qızışdırılması) maddələri ilə təqsirləndirilir.

Xatırladaq ki, bundan əvvəl Rusiya İstintaq Komitəsinin mətbuat xidməti R.Əsgərov barəsində aparılan cinayət işinin istintaqının yekunlaşdığını açıqlamışdı. İstintaq materiallarına əsasən, o, 2022-ci ildə sosial şəbəkə səhifəsində Sovet İttifaqı marşalı, SSRİ Qəhrəmanı Georgi Jukovun xatirəsini təhqir edən və ləkələyən məlumatlar yerləşdirməkdə ittiham olunur.

Bundan əlavə, istintaq orqanları R.Əsgərovun dövlət xadimlərinin həyatına qəsd edilməsinə və Rusiya ərazisinə raket-bomba zərbələrinin endirilməsinə çağırışlar etdiyini, Ukrayna silahlı birləşmələrinin hücumlarına haqq qazandırdığını, eləcə də "xarici agent" kimi tanınan şəxsin fəaliyyət qaydasını pozduğunu iddia edir.

Bakunews.tv
Xəbəri necə qiymətləndirirsiniz?