Cəmiyyət
2
Bu gün, 18:17

İmza yerini bilməyən rəis? Yasamal idarəsində şok iddialar

Ölkədə struktur islahatları, publik hüquqi şəxslərin yenilənməsi və idarəetmədə peşəkarlığın artırılması barədə yüksək tribunalardan səslənən fikirlərlə reallıq arasında bəzən ciddi ziddiyyətlər ortaya çıxır. Redaksiyamıza daxil olan məlumatlar da məhz belə bir ziddiyyətli mənzərəni ortaya qoyur.

Söhbət ADSEA-nın – İri Şəhərlərin Birləşmiş Su Təchizatı Xidməti publik hüquqi şəxsinin Yasamal rayon sukanal idarəsindən və həmin idarənin rəisi Orucov Sərxan Eldam oğlundan gedir.

Məlumatlara görə, 1987-ci il təvəllüdlü Sərxan Orucov 2005–2009-cu illərdə Azərbaycan Texniki Universitetində “Avtomatlaşdırılmış sistemlərdə informasiya təhlükəsizliyi kompleks təminatı” ixtisası üzrə təhsil alıb. Lakin əmək fəaliyyəti əsasən market sektoruna bağlı olub. 2021–2022-ci illərdə “Azərbaycan Supermarket” MMC-də menecer köməkçisi, 2022–2023-cü illərdə isə market meneceri vəzifəsində çalışıb.

2024-cü ilin iyul ayında isə struktur yenilənməsi zamanı Yasamal rayon sukanal idarəsinə rəis təyin edilib.

İddialara görə, bu təyinat sıradan inzibati qərar deyil. Bildirilir ki, Sərxan Orucov İri Şəhərlərin Birləşmiş Su Təchizatı Xidmətinin sədri Tahir Xəlilov ilə qohumluq əlaqəsinə malikdir – həm xalası oğlu, həm də yeznə-qayın qohumluğu olduğu qeyd olunur. İddialar təsdiqini tapsa, bu artıq sadəcə kadr məsələsi deyil, nepotizm və maraqlar toqquşması sualıdır.

Redaksiyamıza daxil olan məlumatlarda bildirilir ki, su təsərrüfatı sistemində təcrübəsi olmayan bir şəxsin istehsalat yönümlü quruma rəhbər gətirilməsi idarədə ciddi problemlər yaradıb. İddia olunur ki, sənədləşmə prosesində belə elementar çətinliklər yaşanır, imza yerlərinin belə dəfələrlə izah edilməsinə ehtiyac yaranır.

Ən narahatedici məqam isə kollektivlə münasibətlərdir. Məlumatlara əsasən, idarədə gənc kişi əməkdaşlara qarşı sərt və aqressiv münasibət göstərilir, bir neçə gənc kadrın bu səbəbdən işdən ayrıldığı bildirilir. Eyni zamanda, pensiya yaşını keçmiş 26 əməkdaşın çalışdığı, gənc mütəxəssislərin isə kənarda qaldığı qeyd olunur.

İddialar bununla da bitmir. Bildirilir ki, rəhbərin diqqəti daha çox qadın əməkdaşlara yönəlir, iş mühiti qeyri-peşəkar və qeyri-etik atmosferə sürüklənir. Əgər bu deyilənlər həqiqətdirsə, məsələ artıq təkcə idarəetmə yox, həm də əmək etikası və dövlət qulluğu prinsiplərinin pozulması müstəvisinə keçir.

Rüşvət iddiaları da səsləndirilir. Əlbəttə, bu kimi ittihamlar hüquqi araşdırma tələb edir və rəsmi sübut olmadan qəti hökm vermək doğru olmaz. Lakin fakt budur ki, kollektivdə narazılıq artıb və bu narazılıq artıq redaksiyalara qədər gəlib çıxıb.

Burada əsas sual budur: Dövlət başçısı səviyyəsində kadr islahatları, şəffaflıq və peşəkarlıq çağırışları səsləndiyi halda, yerlərdə hansı meyarlar əsas götürülür? Market sektorundan birbaşa su təsərrüfatına keçid peşəkar yüksəlişdir, yoxsa qohumluq pilləkəni?

"DogruXeber.tv" olaraq bildiririk ki, səsləndirilən bütün iddialar qarşı tərəfin mövqeyi olmadan birtərəfli sayıla bilər. Məhz buna görə də redaksiyamıza daxil olan məlumatlara aydınlıq gətirilməsi üçün Sərxan Orucova bir neçə dəfə zəng vurduq. Təəssüflər olsun ki, zənglərimizə adboy verildi.

Məsələ ilə bağlı rəsmi qurumların mövqeyini dərc etməyə hazırıq. Çünki hesab edirik ki, dövlət strukturlarında şəffaflıq təkcə şüar deyil, ictimai etimadın əsas şərtidir.

Bununla yanaşı bildiririk ki, bu hələ son deyil. Adı çəkilən qurumla bağlı redaksiyamız tərəfindən daha ciddi və geniş məlumatlar əldə olunub. Hazırda araşdırmalar davam etdirilir və faktlar dəqiqləşdirilir. Yaxın günlərdə araşdırmalarımız yekunlaşdıqdan sonra bütün detalları ictimaiyyətə təqdim edəcəyik.("DogruXeber.tv")
Bakunews.tv
Top xəbərlər
Gün
Həftə
Ay
Son xəbərlər