Abşeron Rayon İcra Hakimiyyəti çoxmərtəbəli yaşayış binalarının dam örtüklərinin və pilləkən qəfəslərinin təmiri ilə bağlı növbəti satınalma müsabiqəsini elan edib. İlk baxışda sakinlərin maraqlarına xidmət edən adi bir təmir layihəsi kimi görünən bu tender əslində maraqlı suallar doğurur.Bizimesr.com bildirir ki, söhbət təmir işlərinin özündən deyil, həmin işlər üçün layihə-smeta sənədlərinin hazırlanmasından gedir. Dövlət satınalmaları portalında yerləşdirilən məlumata görə, bu məqsədlə 40 min manat vəsait ayrılması nəzərdə tutulur.
Müsabiqənin predmetinə layihə və qüsur aktı əsasında smeta sənədlərinin hazırlanması, tikintinin təşkili layihəsinin tərtibi, toplu smetanın hazırlanması, ümumi izahat yazısının yazılması və bütün sənədlərin sifarişçiyə təqdim olunması daxildir.
Başqa sözlə, büdcədən ayrılacaq 40 min manat hələlik nə bir dam örtüyünün dəyişdirilməsinə, nə də bir pilləkən qəfəsinin təmirinə sərf olunacaq. Bu vəsait yalnız gələcəkdə görülməsi planlaşdırılan işlərin kağız üzərində hesablanmasına və layihələndirilməsinə yönəldiləcək.
Məhz bu əsnada ortaya maraqlı suallar çıxır.
Abşeron rayonunda mənzil-kommunal təsərrüfatı sahəsində fəaliyyət göstərən müxtəlif dövlət qurumları mövcuddur. Bu qurumlarda çalışan mühəndislər, texniki işçilər və digər əməkdaşlar dövlət büdcəsindən maliyyələşdirilir. Onların əsas fəaliyyət istiqamətlərindən biri də yaşayış fondunun vəziyyətinə nəzarət və texniki məsələlərin həllidir.
Belə olan halda, layihə-smeta sənədlərinin hazırlanması üçün niyə əlavə olaraq 40 min manatlıq satınalma həyata keçirilir?
Əgər bu işlər mövcud dövlət qurumlarının texniki imkanları hesabına görülə bilirsə, əlavə xərcə nə ehtiyac var? Əgər görülə bilmirsə, həmin qurumların saxlanılmasına hər il ayrılan vəsait hansı məqsədlərə xidmət edir?
Tender sənədlərində diqqət çəkən başqa bir məqam isə təmir olunacaq binalar barədə məlumatın olmamasıdır. Açıq məlumatlardan neçə yaşayış binasının layihəyə daxil edildiyini müəyyən etmək mümkün deyil. Həmçinin həmin binaların ünvanları, dam örtüklərinin ümumi sahəsi və görüləcək işlərin həcmi barədə də məlumat verilməyib.
Bu isə ayrılan vəsaitin əsaslandırılmasını çətinləşdirir. Çünki bir neçə bina üçün hazırlanacaq layihə ilə onlarla bina üçün hazırlanacaq layihənin dəyəri eyni ola bilməz. Layihənin əhatə dairəsi açıqlanmadığı üçün 40 min manatlıq məbləğin bazar qiymətlərinə uyğun olub-olmadığını qiymətləndirmək də mümkün deyil.
Maraqlıdır ki, son illərdə dövlət qurumları tərəfindən həyata keçirilən bir çox təmir və tikinti layihələrində əvvəlcə layihə-smeta sənədlərinin hazırlanması üçün ayrıca tenderlər keçirilir. Daha sonra isə həmin layihələr əsasında əsas tikinti və ya təmir işləri üçün yeni satınalmalar elan olunur. Bu baxımdan, Abşeron Rayon İcra Hakimiyyətinin elan etdiyi tender də gələcəkdə daha böyük məbləğli təmir layihələrinin başlanğıcı hesab edilə bilər. Yəni bu gün ayrılan 40 min manat gələcəkdə yüz minlərlə, hətta milyonlarla manatlıq təmir işlərinə yol açacaq ilk mərhələdir. Lakin vergi ödəyicilərinin vəsaiti hesabına maliyyələşdirilən hər bir layihədə olduğu kimi, burada da şəffaflıq və əsaslandırma məsələsi ön plana çıxır.
Bir daha dəqiqləşdirilməlidir - neçə bina təmir olunacaq?
40 min manat hansı hesablamalar əsasında müəyyən edilib?
Mövcud dövlət və kommunal qurumların mühəndis potensialı olduğu halda bu iş niyə kənar şirkətə həvalə edilir?
Layihə hazırlandıqdan sonra təmir işlərinə nə qədər vəsait ayrılacaq?
Bu sualların cavabı açıqlanmadıqca, dövlət büdcəsindən ayrılan hər yeni manat kimi, bu 40 min manat da ictimai müzakirə mövzusu olaraq qalacaq.
Bakunews.tv